15 C
Baku
Friday, November 8, 2024

“Petkim”in gəlirliyi artıb

Pandemiya dövründə Türkiyədə mühüm ehtiyac duyulan məhsulların istehsalını artıran “Petkim” neft-kimya kompleksinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların payı 67 faizə çatıb.

SOCAR-dan bildirilib ki, “Petkim” qlobal bazarlarda baş verən bütün çətinliklərə və məhsul portfelindəki məhsulların orta qiymətinin azalmasına baxmayaraq, ötən il əməliyyat gəlirliliyini 2019-cu illə müqayisədə 21 faiz artırmağa müvəffəq olub.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Turkey”in törəmə şirkəti olan “Petkim” qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20 faiz azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard türk lirəsinə çatdırıb. Bu uğurun qazanılmasına məhsuldarlıq, rəqəmsallaşma, məzənnə və faiz riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarəçiliyi və “Star” NEZ ilə istehsalın inteqrasiya mühüm təsir göstərib.

2020-ci ilin əsas maliyyə nəticələrini açıqlayan “Petkim” Türkiyədə pandemiya dövründə əhəmiyyəti artan tibbi ləvazimat, qablaşdırma və gigiyena vasitələri üçün istifadə olunan xammalın istehsalında üstünlüyü daxili bazara verib. Ötən il satış həcmini 12,1 milyard lirəyə çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 2019-cu ildəki 60 faizdən 67 faizə qalxıb. Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet kimi qəbul etdiklərini bildirən “SOCAR Turkey” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib: “Pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücümüzlə çalışdıq və fasiləsiz istehsalı həyata keçirdik. Bu dövrdə bütün dünyada NEZ-lərin istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldular. “Star” NEZ ilə inteqrasiya şəraitində işləyən “Petkim” isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı. Daxili bazara yönəlməyimiz 2019-cu ildə 662 milyon dollar olan ixrac göstəricilərimizin 2020-ci ildə yarıbayarı azalaraq 363 milyon dollara enməsinə səbəb oldu. Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artdı”.

“Petkim”in əldə edilən maliyyə uğurlarında “Star” NEZ ilə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olub. Bunu xüsusi vurğulayan A.Məmmədov deyib: “Faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə etdiyimiz nəticələrə müsbət təsir göstərdi. İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatdı. Bu addımlar 2020-ci ildə xalis mənfəətimizin 14 fazi artaraq 1,1 milyard lirəyə, əməliyyat gəlirliliyimizin isə 1,9 milyard lirəyə çatmasında mühüm rol oynadı”.

Rəqəmsal tətbiq və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olan “Petkim” bu gün Sənaye 4.0 texnologiyalarını istehsalatda uğurlu şəkildə tətbiq edən müəssisələr arasında möhkəm qərarlaşıb. 56 illik bilik və təcrübəsi ilə “Petkim” portfelinə daxil olan təxminən 60 növ neft-kimya məhsulu ilə plastik, kimya, qablaşdırma, boru, boya, inşaat, kənd təsərrüfatı, avtomobil, elektrik, elektron, tekstil sektorları ilə yanaşı dərman, yuyucu vasitə, kosmetik məhsullar sektoruna da inamla daxil olub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər