9 C
Baku
Saturday, December 28, 2024

“Pfizer” – $26 milyard, “Sputnik V” – $15 milyard: əczaçılıq şirkətləri nə qədər qazanırlar?

Hansı növ peyvəndlər var, onların effektivliyi və qiyməti

2021-ci ilin iyul ayına olan məlumata görə, dünyada COVID-19-a (SARS-CoV-2) qarşı milli tənzimləyici tərəfindən təsdiqlənmiş 17 peyvənd mövcuddur. Xatırladaq ki, ilk olaraq 2020-ci ilin avqust ayında Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi qeydiyyatdan keçib.

Peyvəndlər zərərsiz virus formasında insanın immunitet sistemini “məşq etdirirlər”. COVID-19-a qarşı hazırlanan bütün preparatlar antigeni orqanizmə özünəməxsus şəkildə gətirirlər. Onlar immunoloji yaddaşı gücləndirən və bədənin gələcəkdə SARS-CoV-2 ilə mübarizə edə biləcəyi xüsusi bir immun reaksiya yaradırlar.

Ən çox satılan peyvəndlər və onların qiyməti:

1. “CoronaVac” (2 doza) – 60 dollar (Çində) və 29.75 dollar (İndoneziyada);

2. “Moderna” (2 doza) – 25-37 dollar;

3. “Pfizer-BioNTech” (2 doza) – 19.50 dollar;

4. “Johnson & Johnson” (1 doza) – 10 dollar;

5. “AstraZeneca” (2 doza) – 5.25 dollar (CAR), 3-4 dollar (ABŞ) və 2.15 dollar (Böyük Britaniya və AB);

6. “Sputnik V” (2 doza) – 12 dollar.

Peyvəndin yaradılması: xərclər və risklər

Koronavirus pandemiyası dövründə peyvənd bir ildən az olan müddətdə hazırlanıb. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Brin Boslett hökumətlərin maliyyə dəstəyinin bu işə böyük töhfə verdiyini qeyd edib.

Virusun geniş yayılması səbəbindən həkimlər daha geniş məlumatlara sahib olublar. Məsələn, “Pfizer” peyvəndinin sınaqlarında 40 mindən çox insan iştirak edib, daha 30 min insan “Moderna”nı sınaqdan keçirib.

Ölkələr buna nə qədər sərmayə qoyurlar?

ABŞ

Koronavirusa qarşı peyvənd və dərmanların hazırlanmasına dəstək olmaq üçün ABŞ təxminən 12 milyard dollar vəsait ayırıb. “Warp Speed” adlanan bu proqram aşağıdakıları nəzərdə tutur:

– “Moderna” startapına koronavirusa qarşı peyvəndin yaradılmasına 1 milyard dolların ayrılması;

– “Johnson & Johnson” istehsalçısına 456 milyon dollar və gələcəkdə daha 1 milyard dolların ayrılması;

– “AstraZeneca”ya 300 milyon peyvənd dozasının xərcini ödəyəcək 1.2 milyard dolların ayrılması;

– “Pfizer” və onun tərəfdaşı olan “BioNTech” şirkətinə 100 milyon peyvənd dozasının tədarükü üçün 1.95 milyard dolların ayrılması;

– Amerikanın “Novavax” şirkətinə 100 milyon peyvənd dozasının xərcini ödəmək üçün 1.6 milyard dolların ayrılması.

Avropa

Avropa İttifaqı peyvəndlərin yaradılmasına və koronavirusun müalicəsinə 8 milyard avro vəsait ayırıb. Onlardan 4.4 milyard avro vaksinasiya üçün preparatların tərtib edilməsinə xərclənib.

download scaled

Rusiya

2020-ci ilin sonunda Nikolay Gamaleya adına Rusiya Elm Mərkəzinin direktoru Aleksandr Qintsburq “Sputnik V”nin inkişafına 1.5 milyard rubl vəsaitin ayrıldığını açıqlayıb.

Çin

Çinin “Sinovac” şirkətinin yaratdığı “CoronaVac” preparatının inkişafına təxminən 500 milyon dollar ayrılıb. Vəsait Çinin aparıcı əczaçılıq konqlomeratı olan “Sino Biopharmaceutical Limited” şirkəti tərəfindən ödənilib.

Şirkətlərin peyvəndlərdən qazancı

Koronavirusa qarşı peyvəndlərin alışı üzrə Avropa Birliyi və ABŞ liderlik edir. Ümumilikdə, dünya ölkələri 8.6 milyard doza peyvənd tədarükü üçün müqavilələr imzalayıb:

1. Avropa Birliyi – 1.8 milyard dollar.

2. ABŞ – 1.2 milyard dollar.

3. Afrika Birliyi – 680 milyon dollar.

Pfizer

“Pfizer” şirkəti peyvəndinin 2021-ci ilin ilk üç ayında əczaçılıq şirkətlərinə təxminən 3.5 milyard dollar gəlir gətirdiyini açıqlayıb. İl ərzində istehsalçı 26 milyard dollar qazanmağı planlaşdırır.

download 2

Johnson & Johnson və AstraZeneca

Amerikanın “Johnson & Johnson”, o cümlədən İngiltərə və İsveçin “AstraZeneca” şirkəti pandemiya dövründə peyvəndlərini kommersiya əsasında satmayacaqlarını bildiriblər. Bu şirkətlərdən alınan dərmanların qiyməti onların maya dəyərinə bərabərdir.

Ümumilikdə, “AstraZeneca” peyvəndi 2021-ci ilin birinci rübündə yaradıcılarına 275 milyon dollar gəlir gətirib. “Johnson & Johnson” bu ilin ilk üç ayında 100 milyon dollar qazanc əldə etdiyini açıqlayıb.

Moderna

2021-ci ilin birinci rübündə Amerikanın “Moderna” şirkəti peyvənd satışından 1.73 milyard dollar gəlir əldə edib.

Bu məbləğin ilin sonun qədər 18.4 milyard dollara çatacağı gözlənilir.

Sinovac

Çinin “Sinovac” şirkəti 2021-ci ilin birinci rübündə əldə etdiyi gəliri açıqlamır. Buna baxmayaraq, bəzi mənbələr bu məbləğin 265 milyon dollardan çox olduğunu yazır.

Əczaçılıq nəhəngi Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Türkiyə və İndoneziya ilə müqavilələr bağlayıb.

Sputnik V

Rusiya istehsalı olan bu peyvənddən dünyanın 50 ölkəsində istifadə edilir. Bəzi hesablamalara görə, 2021-ci ildə “Sputnik V” Rusiyaya 15 milyard dollara qədər gəlir gətirə bilər.

Müqayisə üçün: ölkənin silah satışından əldə etdiyi gəlir ildə 15 milyard dollar təşkil edir.

Vaksinasiya bazarının gələcəyi

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19 pandemiyasından qlobal ÜDM zərərlərini 2020-2021-ci illər üçün 12 trilyon dollar olaraq qiymətləndirir. Lakin peyvənd istehsalçıları aşağıdakı yollarla gəlir əldə etmək istəyirlər:

1. Qiymət artımı. “Pfizer-BioNTech”, “Moderna” və “Johnson & Johnson” preparatlarının istehsalçıları investorlara pandemiya fazası sona çatandan sonra qiymətləri artırmaq niyyətində olduqlarını bildiriblər.

2. İllik vaksinasiya. “Johnson & Johnson” korporasiyasının rəhbəri Aleks Qorski koronavirusun mutasiyası ilə əlaqədar vaksinasiyanı hər il həyata keçirməyə ehtiyac olacağını açıqlayıb.

“Morningstar”ın hesabatına görə, peyvənd bazarı 2021-ci ildə yeni zirvəyə qalxacaq və 67 milyard dollara çatacaq. Lakin 2022-ci ildə 61 milyard dollara qədər azalacaq.

download 1

Gözlənilir ki, 2020-ci ildə olduğu kimi 2021-ci ildə də satışların böyük hissəsi iki peyvəndin payına düşəcək – “Pfizer-BioNTech” və “Moderna”. Bununla yanaşı, yeni daha effektiv peyvəndlərin ortaya çıxması bazarın dinamikasını kökündən dəyişəcək.

“Sciense” jurnalı qeyd edir ki, koronavirusa qarşı peyvənd istehsalı üçün qurulan güc gələcəkdə digər dərmanların istehsalı üçün istifadə ediləcək.

Son xəbərlər
Digər xəbərlər