Almaniyanın “Volocopter” startapı “BlackRock”, “Avala Capital”, “Atlantia S.p.A”, “Continental AG”, “NTT” və “Tokyo Century” kimi yeni investorlardan 200 milyon avro cəlb edib.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Startap cəlb etdiyi vəsaitləri taksi bazarında liderliyini gücləndirməyə xərcləyəcək. Eyni zamanda, “Volocopter” yaxın iki il ərzində aerotaksi üçün kommersiya uçuşlarını açmağı planlaşdırır.
Xatırladaq ki, 2019-cu ildə “Volocopter” şirkəti “Volvo” və “Geely”nin sahibindən 50 milyon dollar investisiya qazanmışdır. “Crunchbase” portalının verdiyi məlumata görə, yarandığı 2011-ci ildən bu günə kimi startap 368.2 milyon dollar cəlb edib.
“Volocopter” yeni “VoloCity” adlı aerotaksini 2019-cu ilin avqustunda nümayiş etdirib. Bu nəqliyyat vasitəsi 35 km məsafəyə iki sərnişin daşıya bilir.
2019-cu ilin oktyabrında şirkət yeni “VoloDrone” dronunu təqdim etmişdir. Bu dron 200 kilo ağırlığında yükləri 40 km məsafəyə daşıya bilir.