19 C
Baku
Friday, October 4, 2024

Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

İndiyədək Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən 53 milyon manatlıq satış həyata keçirilib.

Banker.az İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA)  istinadən xəbər verir ki, bu ilin birinci yarısında Sənaye Parkında 7.5 milyon manatlıq məhsul satılıb.

Hazırda sənaye parkında rezidentlər şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Növbəti mərhələdə rezidentlər tərəfindən sənaye parkında şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri istehsal ediləcək.

İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Növbəti mərhələdə sənaye parkında istehsal olunan məhsulların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Pirallahı Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Parkın rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir çox layihələrə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılır. Əsasən müraciətlər dərman istehsalı sahəsindədir. Rezidentlər tərəfindən müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən dərmanların istehsalı həyata keçirilir. Əsasən texnologiyalar Almaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrə məxsusdur.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı dövlətimizin başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Parkın əsas fəaliyyət istiqaməti ölkədə əczaçılıq sənayesinin inkişaf etdirilməsidir. Belə ki, sənaye parkı fəaliyyətə başladığı andan etibarən ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Hazırda sənaye parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Rezidentlər tərəfindən indiyədək sənaye parkına 40 milyon manatdan artıq investisiya yatırılıb, 140-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 80 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər