Bu gün Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodunun açılışı olub və Azərbaycan Prezidenti İlham Əliyev də mərasimində iştirak edib.
Banker.az bildirir ki, bu barədə dövlət başçısının saytında məlumat verilir.
Birdəfəlik şpris istehsalı zavodunun tikintisi “Diamed CO” MMC tərəfindən həyata keçirilib. Zavodun tikintisinə investisiya qoyuluşları $4 mln. məbləğində qiymətləndirilir. Bu məbləğin $1,7 mln.-u “Azərbaycan İinvestisiya Şirkəti” (ASK) ASC-nin sərmayələrinin payına düşür. Zavodda məhsul istehsalı üçün yerli və xarici xammaldan istifadə olunacaq. İlkin mərhələdə zavodun illik gücü 150 mln. ədəd birdəfəlik şpris təşkil edəcək. Müəssisədə istehsal olunan məhsulların Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixracı da planlaşdırılır.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.