Pirallahıda şpris istehsal edən “Diamed Co” Şpris İstehsalı Zavodu 2023-cü ildə satışdan gəlirlərini 25% artırıb və ili xalis mənfəətlə tamamlayıb.
Banker.az xəbər verir ki, şpris zavodu hesabat ilində satışdan 9.64 milyon manatlıq gəlir əldə edərək 2022-ci ili 1.955 mln. manat üstələyib. Satışın maya dəyəri isə 5.04 mln. manat olub.
Ümumilikdə, əməliyyat gəliri 3.8 mln. manat təşkil edib.
Beləliklə, zavod bütün gəlir və xərclər fərqindən sonra 3.56 mln. manat xalis mənfəət əldə edib. Ötən ilə təsisçilərə mənfəətdən 2 mln. manat ayrılıb və beləliklə, 1 yanvar 2024-cü il tarixinə kapital balansında 1.59 mln. manatlıq bölüşdürülməmiş mənfəət var.
“Diamed Co “ MMC-nin 2023-cü il üzrə uzunmüddətli borc öhdəliyi 2 mln. manatdan 4 mln. manata yüksəlib. Bununla belə, hazırda onun “kassasında” 4.11 mln. manatlıq vəsait qalmaqdadır. Cəmi aktivlərin həcmi 17.32 mln. manat, cəmi öhdəliklər 6.21 mln. manat və cəmi kapital isə 11.11 mln. manatdır. Kapitalın digər hissəsi 9.52 mln. manatlıq nizamnamə kapitalıdır.
“Diamed Co “ Şpris İstehsalı zavodu Azərbaycanda və Cənubi Qafqazda ilk şpris istehsal edən şirkətdir. Zavod 2017-2018-ci illərdə ekoloji cəhətdən təmiz “Pirallahı Sənaye Parkı”nda inşa edilib.
Müəssisədə İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir.
Müxtəlif tutumlu birdəfəlik şprislər istehsal edən zavodun illik istehsal gücü 150 milyon ədəddir.
Zavod hazırda 50 nəfərlik işçi heyəti ilə müxtəlif tutumlu 2, 5, 10 və 20 qramlıq olmaqla ildə 150 milyon ədəd “Made in Azerbaijan” brendi altında şpris istehsal edir.