12 C
Baku
Tuesday, November 5, 2024

Piramida sistemi yaradaraq 217 nəfərə qarşı dələduzluqda ittiham olunan şəxslərə hökm oxunub

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədova isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.

Müəyyən edilib ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları, külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər