Maliyyə piramidaları barədə çox eşitmişik. Heç kimə də sirr deyil ki, bu piramidalar istedadlı fırıldaqçıların “zəhmətinin bəhrəsi”dir. Son illər Rusiyada aşkar edilmiş bu piramidalardan biri ona qatılanları “heyran” qoymuşdur. Bu dəfə rusiyalı müştərilər Əmanət Bankının loqotipinə aldanmışlar…
Rusiyalılar “MMM-2011”-in fəaliyyətinin dayandırılması haqqında mətbuatda gedən yazıları tam dərk etməmiş, KİV yenidən bir neçə maliyyə piramidası aşkar etmişdir. Yeni yaranmış piramidalar Əmanət Bankının plastik kart sahiblərini hədəfə almışdır. Rusiyanın ən iri kredit təşkilatı olan Əmanət Bankı artıq onun loqotipindən və adından şübhəli layihə təşkilatçılarının qeyri-qanuni istifadə etməsi barədə bəyanat vermişdir.
Qısa arayış: Maliyyə piramidası – daim pul vəsaiti cəlb etmək hesabına struktur iştirakçılarına gəlirin təmin edilməsidir. Piramidanın birinci iştirakçılarına verilən gəlir onun sonrakı iştirakçıları tərəfindən ödənilir. Bir çox hallarda əsl gəlir mənbəyi gizli saxlanır və uydurma ad altında göstərilir. Bunun bir adı vardır – dələduzluq.
Bir qədər “MMM” SC haqqında
“MMM” Səhmdar Cəmiyyəti – Rusiyanın ən iri “maliyyə piramidaları”ndan biridir. 1992-ci ildə Sergey Mavrodi (MMM adı -Sergey Mavrodi, onun qardaşı V.Mavrodi və həyat yoldaşı O. Melnikovanın soyadlarının baş hərfləri götürülmüşdü) tərəfindən qeydiyyatdan keçirilmiş və şəxsi səhmlərinin mübadiləsi üçün əhalinin pul gəlirlərinin qəbul edilməsi üzərində ixtisaslaşmışdı. Fəaliyyət göstərdiyi 5 il ərzində bu “MMM”-in 10-15 mln. iştirakçısı olmuşdur. Bu illər ərzində “MMM” 27 milyon səhm və 72 milyon bilet hazırlamışdı. Çiçəklənən vaxtlarında ayda 200% gəliri olmuşdur.
1994-cü ilin yayında mətbuatda belə bir məlumat yayıldı ki, Rusiyanın vergilər xidməti və vergi polisi “MMM”-in strukturlarından birini yoxlarkən “vergi qanunvericiliyinin kobud şəkildə pozulması” faktlarını aşkar etmiş və büdcəyə 49,4 mlrd. rubl cərimə təyin etmişlər. Mavrodi cəriməni ödəməkdən imtina etmiş, bu isə vergi orqanları ilə münaqişəyə səbəb olmuş və əmanətçilər arasında panika yaranmışdı. Onlar tez bir zamanda səhm və biletləri satmağa başladılar. Nəticədə avqustun 4-də şirkətin qiymətli kağızlarının kursu 100 dəfə aşağı düşdü və o, iflasa uğradı.
1997-ci ilin sentyabrında Moskva Arbitraj Məhkəməsinin qərarı ilə “MMM” iflas elan edilmişdir. Onun yaradıcısı Sergey Mavrodi 2007-ci ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Moskva hakimləri bu “maliyyə piramidası”nın yaradıcısından 18,7 mln. rubl ala bilmiş, lakin bu məbləğ aldadılan əmanətçilərə dəyən zərəri ödəyə bilməmişdir. Məhkəmə icraçılarının verdikləri məlumata görə, “MMM”in banisinin əmanətçilərə olan ümumi borcu beş milyard rubl dəyərində qiymətləndirilir.
Yeni piramida: “Vıruçalovka kəndi” (“Yardım kəndi”)
Bu il iyunun 27-də Ural Əmanət Bankı internetdə vətəndaşlara şəbəkəli maliyyə piramidası prinsipi ilə əmanət qoymaq təkliflərini aşkarladığını bildirmişdir. Əmanət Bankından onu da demişdilər ki, Sverdlovskda “Vıruçalovka” sosial şəbəkəsi fəaliyyət göstərir. Bu maliyyə piramidası “pulları naməlum şəxslərin hesablarına keçirməyi və təşkilatın layihəyə cəlb edilmiş başqa üzvlərinin ödənişləri hesabına mənfəət əldə etmək” təklif edir. Layihənin təşkilatçıları göstərirdilər ki, layihə Əmanət Bankı ilə müştərək həyata keçirilir.
İnternetdə bu “kəndi” qarşılıqlı yardım kassası adlandırırlar. Burada yardım yalnız Rusiya Əmanət Bankının kart sahiblərinə göstərilir. Layihənin mahiyyəti ondan ibarətdir ki, ona qoşulmaq istəyənlər “dəvət” nömrəsindən istifadə edərək, müəyyən edilmiş saytda qeydiyyatdan keçir və iştirakçı olurlar. Sonra həmin iştirakçı 10 tanımadığı insana “hədiyyə” olaraq 100 rubl göndərir. Bunun üçün o, Əmanət Bankında olan “şəxsi kabinə”dən istifadə edir. Bu prosedurdan sonra o özü də yeni iştirakçılar cəlb etməyə başlaya bilər.
Saytın təqdimatından görünür ki, sistemdə 10 səviyyə ona görədir ki, müəlliflərin hesablamalarına görə “qarşılıqlı yardım” kassasının hər bir iştirakçısı ən azı 3 yeni iştirakçı gətirməklə, “hədiyyə” kimi 9 milyon rubl ala bilər. “Kəndin” saytına inansaq, burada artıq 16 milyon sakin “yaşayır”…
Rusiya Əmanət Bankından bildirmişlər ki, “Vıruçalovka” ilə bankın heç bir əlaqəsi yoxdur, loqotip və “kəndin” adından isə layihə müəllifləri qeyri-qanuni istifadə edirlər.
Ədalət naminə qeyd edək ki, iştirakçıların saytda qeydiyyatdan keçdikləri yerdə belə bir məlumat da vardır: “İştirakçıların rahatlığı üçün layihə yalnız Əmanət Bankının plastik kart sahibləri ilə işləyir. Bununla belə, “Vıruçalovka”nın Əmanət Bankı ilə heç bir əlaqəsi yoxdur.”
Çox təəssüf ki, bu cür piramidalara – istedadlı fırıldaqçıların gözəl sözlərlə bəzədiyi torlara insanlar özü düşür və böyük məbləğdə pullar itirdikdən sonra nə baş verdiyini aydın görürlər. Hər kəsə məharətlə qurulmuş belə torlara düşməmək arzusu ilə,
Yeganə Məmmədova