4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Pis əhval-ruhiyyənin psixoloji faydaları

Homo sapiens nümayəndələri əhval-ruhiyyə dəyişikliyinə çox həssasdırlar. Kədər və pis əhval-ruhiyyə qədim zamanlardan bəri insanın xarakterik cəhəti olsa da, indiki əsrimizdə hisslər adətən ya dəyərsizləşdirilir, ya da rədd edilir. Üstəlik, norma sayılan müvəqqəti neqativ hisslər mədəniyyətimizdə çox vaxt pozğunluq kimi qəbul edilir. Özünü inkişaf etdirməyə çağıran reklam, marketinq və təbliğat bizdən xoşbəxtlik üçün səy göstərməyimizi tələb edir. Lakin pis əhval-ruhiyyə yenə də keçirdiyimiz duyğular spektrinin ayrılmaz hissəsi olaraq qalır.

Ümumdünya xoşbəxtlik tendensiyasına və misli görünməmiş maddi rifaha baxmayaraq, Qərbdə həyatdan məmnunluq səviyyəsi on illərdir artmır. Pis əhval-ruhiyyənin həyatımızdakı rolunu yenidən düşünməyin zamanı gəldi. Biz onun insan varlığının normal və hətta faydalı hissəsi olduğunu qəbul etməliyik.

Kədərin qısa tarixçəsi

Tarixin əvvəlki dövrlərində qısamüddətli kədər və ya melanxolik əhval-ruhiyyə həmişə gündəlik həyatın norması kimi qəbul edilib. Hətta bəşəriyyətin bir çox nailiyyətləri mənfi duyğularla müşayiət olunub. Qədim filosoflar da pis əhval-ruhiyyəni qəbul etmək qabiliyyətinin həyat üçün vacib olduğuna inanırdılar.

Əlbəttə, depressiya kimi uzunsürən xəstəliklər mütləq şəkildə müalicə olunmalıdır. Çalışın gündəlik problemlər və mürəkkəb situasiyaların təsiri nəticəsində yaranan stressi onunla qarışdırmayasınız.

Kədərin psixoloji üstünlükləri

Neqativ hesab etdiyimiz hisslərin psixoloji faydaları olduğuna dair dəlillər get-gedə artır. Bu fenomeni göstərmək üçün tədqiqatçılar əvvəlcə insanın əhval-ruhiyyəsini (məsələn, ona gülməli və ya ağlamalı filmlər göstərməklə), sonra isə müxtəlif idrak və funksional tapşırıqları yerinə yetirilməsində olan dəyişiklikləri qiymətləndirdilər.

Məyusluq və kədər aşağıdakı üstünlüklərə malikdir:

– Yaddaşı gücləndirir. Tədqiqatların birində pis əhval-ruhiyyə (məsələn, hava şəraiti pis olarsa) insanlara yeni ziyarət etdikləri mağazanın təfərrüatlarını daha yaxşı xatırlamalarına kömək edib. Üstəlik, pis əhval-ruhiyyə yayındırıcı faktorların təsirini azaldır.

– Motivasiya. Digər təcrübələr isə şən və kədərli iştirakçılardan mürəkkəb zehni problemi həll etmək istənildikdə, əhval-ruhiyyəsi pis olanların daha çox çalışdıqlarını göstərdi. Onlar problemə daha çox vaxt ayırdılar və demək olar ki, bütün suallara cavab verdilər.

– Düşüncə tərzini daha obyektiv edir. Eyni zamanda pis əhval-ruhiyyə mühakimə prosesindəki qərəz və təhriflərin sayını da azaldır. Məsələn, kədərli hakimlər insanları daha obyektiv mühakimə edirlər. Pis əhval-ruhiyyə mifləri və şayiələri qiymətləndirərkən həssaslığı aşağı salır, şübhələri isə əksinə, artırır.

– Kommunikasiya prosesinin yaxşılaşdırılması. Pis əhval-ruhiyyənin yaratdığı daha diqqətcil düşüncə tərzi kommunikasiya prosesini xeyli yaxşılaşdıra bilər. Tədqiqatçılar kədərli insanların apponentini inandırmaq üçün daha uyğun arqumentlərdən istifadə etdiklərini müşahidə etdilər.

– Ədalətlilik hissinin güclənməsi. Qeyd edək ki, pis əhval-ruhiyyə həm də ədalətlilik hissini gücləndirir. İnsanlar daha diqqətcil olmağa başlayırlar, başqalarına münasibətdə daha ədalətli davranmağa çalışırlar.

Xoşbəxtlik tendensiyasına müqavimət

Xoşbəxtliyin vacibliyini ucaldaraq və kədərin ləyaqətini inkar edərək, qarşımıza əlçatmaz hədəf qoymuş oluruq. Və bu, məyusluğa, hətta depressiyaya səbəb ola bilər. Bununla yanaşı, bütün faydalarına baxmayaraq, həmişə pis əhval-ruhiyyədə olmaq da düzgün yol deyil.

Sadəcə unutmayın ki, xoşbəxtlik axtarışı zamanla ümidsiz məşğuliyyətə çevrilə bilər. Pis əhval-ruhiyyədə olmağın müsbət və mənfi cəhətlərini daha obyektiv qiymətləndirməyə keçməyin vaxtı çatıb.

Son xəbərlər
Oxşar xəbərlər