“Time-management” mütəxəssisi Kelli Nolan, planlaşdırmanın nəyə görə vacib olduğunu izah edir.
Kelli Nolan – vaxtın idarə edilməsi üzrə aparıcı mütəxəssislərdən biridir və o bütün müştərilərini həftədə ən az bir dəfə planlaşdırma ilə məşğul olmağı tövsiyə edir. Onun fikrincə, vaxtını planlaşdırmağa başlamış insanlar, tez bir zamanda həvəsdən düşməyə başlayırlar və düşünürlər: “Bir dəfə ilə heç nə olmaz, gələn dəfə plan yazaram”. Kelli Nolan qeyd edir ki, bu insanın həyatına xaos gətirir, nəticədə siz heç bir işinizi çatdıra bilmirsiniz.
Həftənin planlaşdırma gününü buraxmış insan, yeddi gününü stress və qeyri-müəyyənlik içində keçirmiş olur, o hər şeyi son anda edib çatdırmağa çalışır.
Siz düşünə bilərsiniz ki, planlaşdırma çox vaxt tələb edir, lakin bu belə deyil. Kelli Nolanın özünün istifadə etdiyi, habelə müştərilərinə tövsiyə etdiyi məsləhətlərə nəzər yetirək. Əlbəttə ki, bu şablon sizin öhdəliklər, məqsədlər və prioritetlərə uyğunlaşdırılmalıdır.
Birinci addım: Daim təxirə salmağa çalışdığınız işlərinizi müəyyən edin
Yaxşı olar ki, keçən həftənin təhlilindən başlayasınız – həm şəxsi, həm də iş ilə əlaqəli olan vəzifələrin təhlil edilməsi. Özünüzə sual verin: öhdəsindən gələ bilmədiyiniz və ya əlavə vaxt sərf etməli olduğunuz işlər varmı? Əgər cavabınız “hə” dirsə, gecikdirmədən həmin işləri elə indi yerinə yetirin. Sözsüz ki, bunun üçün daha çox vaxt tələb oluna bilər, bu halda onu təqviminizdə planlaşdırın.
Daha sonra təqviminizə elektron poçtunuza gələn bütün işləri/”deadline” ları və qeydləri köçürün. Növbəti həftə üçün planlaşdıra bildiyiniz işlərin hamısına vaxt ayırın. Keyslərə, müştəri siyahılarına və layihələrə baxın. Bundan sonra şəxsi işlərə keçə bilərsiniz – çalışın ailə üzvləri, hobbi, təşkilatlar, ev heyvanları və şəxsi işləriniz ilə əlaqəli olan digər faktorları da nəzərə alasınız. Eyni zamanda sevdiyiniz işlərə də vaxt ayırmağı unutmayın. Bu, kitab oxumaq, yeni restoranı ziyarət etmək, parkda gəzmək və ya sadəcə düşünmək ola bilər.
İkinci addım: Planın reallaşması üçün fəaliyyət proqramını müəyyən edin
İndi isə etmək istədiyiniz hər bir şey öz əksini təqvimdə tapandan sonra növbəti iki həftə haqqında düşünün. Aşağıdakı sualları nəzərinizdən keçirin:
– Bu işlərdən hansınısa təxirə sala, ixtisar edə və ya başqalarına həvalə edə bilərəmmi?
– Etməli olduğum işləri kiçik hissələrə (addımlara) böldümmü? Əgər cavabınız “yox” dursa, edin bunu.
– Görüşlərə hazırammı, yoxsa hazırlıq üçün əlavə vaxta ehtiyacım var?
– İş yükümü balanslaşdırmaq və ya həyatı sabitləşdirmək üçün nələrinsə yerini dəyişdirmək istəyirəmmi? (məsələn, görüşü 15 dəqiqə təxirə salmaq)?
– Uşaq baxımı ilə bağlı bütün öhdəlikləri nəzərə almışammı?
Yaxşı olar ki, planlaşdırmanı cümə günü günorta saatlarında edəsiniz, bu vaxt beynin intellektual və yaradıcı potensialı maksimum həddə çatır. Əgər bir neçə həftə sonra planlaşdırmanı təxirə salmalı olsanız, edin bunu! Təqviminizdə bunun üçün başqa vaxt ayırın.
Həftəlik təhlil + önziləmə = kardinal dəyişiklər
Planlaşdırma etdikdən sonra, aşağıdakıları müşahidə edəcəksiniz:
Birincisi, həftə sonu rahatlıqla nəfəs ala biləcəksiniz. Əlinizdə növbəti həftənin planı olduqda, bütün bu işləri dəqiq olaraq yerinə yetiriləcəyinə əmin ola bilərsiniz.
İkincisi, planınızda potensial münaqişələri görəcəksiniz və beləliklə, onlardan qaçmaq üçün planda dəyişikliklər edə biləcəksiniz.
Üçüncüsü, plan qurandan sonra nə qədər boş vaxtınız olduğunu müəyyənləşdirmiş olacaqsınız. Əyləncələr, hobbi, əlavə iş və s. bu aralığa sıxışdıra bilərsiniz. İş axtarmalısınız? Yenidən kitab oxumağa başlamaq istəyirsiniz? Bütün bunlar vaxt tələb edir. Əgər bu işləri planınıza daxil etməsəniz, onlar üçün vaxt tapmaq çətin olacaq.
Beləliklə, növbəti cümə axşamında planlaşdırma üçün 1,5 saat vaxt ayırın. Bu, daha az və ya daha az vaxt tələb edə bilər. Hər şey sizin özünüzdən asılıdır.
Bu yanaşmaya altı həftə ərzində riayət edin. Yeni vərdişin üstünlüklərini hiss edin. Əgər inanmırsınızsa, bir neçə həftənizi planlaşdırın və sonra fasilə edin, sonda fərqi özünüz görəcəksiniz.