Nyu-York Əmtəə Birjasında (NYMEX) yanvar ayı üzrə platin fyuçerslərinin qiyməti bir unsiya üçün 2300 dolları keçərək tarixi maksimumu yeniləyib.
Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, qiymətli metalın dəyəri 2,85% artaraq 2352 dollara çatıb.
“Bloomberg” yazır ki, platin artıq ardıcıl onuncu sessiyadır bahalaşır. 2025-ci ilin əvvəlindən bəri qiymətli metalın qiyməti 163% artıb ki, bu da agentliyin 1987-ci ildən məlumat toplamağa başladığı dövrdən bəri ən böyük illik artımdır. 2025-ci ildə ardıcıl üçüncü ildir ki, Cənubi Afrikadan tədarükdə yaranan fasilələr səbəbindən platin bazarında defisit müşahidə olunur.
Dekabrın 23-də “Comex” əmtəə birjasında mart ayı üzrə gümüş fyuçerslərinin qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 71 dolları ötüb. Həmin gün qızıl fyuçerslərinin qiyməti də maksimumu yeniləyərək bir unsiya üçün 4500 dollardan yuxarı qalxıb. Bundan əlavə, London Metal Birjasında mis üzrə üç aylıq kontraktın qiyməti tarixdə ilk dəfə bir ton üçün 12 025 dollar təşkil edib.







