“Pokemon Go” oyununu artıq hamımız tanıyırıq, demək olar. Uşaq vaxtı şəkillərini, yapışqanlarını yığdığımız pokemonları artıq artırılmış reallıq texnologiyası (Augmented reality və ya qısaca AR) sayəsində real həyatda da tuta bilirik. “Pokemon” cizgi filminə baxan yəqin ki hamı bunu arzu edib nə vaxtsa: “Kaş mən də pokemon tuta biləydim”. Məncə, çoxumuzu bu oyunu oynamağa məcbur edən şey məhz bu arzudur. Təbii ki, söhbət bir zamanlar bu cizgi filminə baxanlara aiddir. Oyunun ətrafında qurulmuş marketinq strategiyası da onun tanınmasında böyük rol oynayıb. Oyun bizim uşaqlıq arzularımızı yenidən oyatmaqdan başqa hərənin beyninə bir fikir salır. Mən oyunu yüklədiyim günün səhəri artıq “Pokemon Go”nun bəzi funksiyalarını istifadə edəndə gözlərim parıldadı ki, bəs bu əməlli-başlı marketinq və satış alətidir. Çox uzatmayım keçim mətləbə və əsas suala.
NECƏ?
Deməli, şəhərdə gəzəndə pokemon treynerlərinin rastına “pokestop” deyilən yerlər çıxır. Bunlar pokemon tutmağa lazımlı olan şeylərin (pokeball, great ball, lure, potion, super potion, hyper potion, yumurtalar və s.) dükanıdır da deyə bilərik. Bu pokestoplara yaxınlaşdıqda kub şəklində olan bu pokestoplar halqaya çevrilir və siz onları fırladaraq həmin əşyaları götürürsüz. Pokestoplar oyunun özü tərəfindən şəhərin nəzərə çarpan yerlərində – abidələrdə, heykəllərdə, binalarda, ticarət mərkəzlərində və s. yerləşdirilir. Budapeştdə hətta binaların arkaları, qəşəng rənglənmiş skamyalar da pokestopa çevrilib. İlk olaraq bu pokestoplar sizə sadəcə bunun üçün lazım olacaq. Amma çantanızda “Lure module” deyilən şey olanda bu pokestoplar çevrilir olur ətrafdakı vəhşi pokemonları ətrafına cəlb edən qovşaq.
Lure aktiv edilən pokestoplar təkcə onu aktiv edən oyunçu üçün yox, bütün oyunçular üçün onun cəlb elədiyi pokemonları əlçatan edir. Bir lure aktiv olan pokestop və onun ətrafına yığışmış onlara “Pokemon Go” oyunçusu fikirləşin. Sizə imkan kimi görünmür bu? Bir pokemon treyneri üçün başqası tərəfindən aktiv edilmiş lure qədər sevindirici şey uzaqbaşı Pikaçunu tapması olar)) Lure aktiv edilmiş pokestop adi pokestopdan ətrafında gül ləçəklərinin (məncə. gül ləçəkləridir, olmaya da bilər) fırlanmasıyla fərqlənir.
Bu şkrinşotu evdə oturanda götürmüşəm. Mən evdə oturub “yumurtadan yun qırıxıram”, aktiv edənlər də ətrafda yığışıb bunların başına. Bu fürsətdir. Əgər biznesiniz yaxınlığında pokestop varsa, oyunun menyusundakı dükandan “Lure Module” alırsız və aktiv edirsiz. Gənclər başlayır yığışır sizin biznesinizin qarşısında.
1 “lure module” – 100 poke-qəpik (pokecoin),
8 “lure module” – 680 qəpik.
Sizin üzərinizə düşən bu qəpikləri oyunun dükanından almaq, sonra isə bu modullara xərcləməkdir. Qəpikləri oyun ərzində də qazanmaq olar, amma siz bir biznessinizsə, işi-gücü atıb bu qəpikləri qazanmaq qeyri-professionalca olardı. Ona görə əliniz bir az cibinizə getməlidir, sözsüz ki.
100 poke-qəpik – 2 AZN
550 poke-qəpik – 10 AZN
1200 poke-qəpik – 20 AZN
Təəssüf ki, bu tip marketinqi hər biznes üçün həyata keçirmək mümkün deyil. Amma kafelər, restoranlar, ticarət mərkəzləri, geyim dükanları və s. bundan istifadə edə bilər.
DIGƏR “POKEMON GO” HƏLLƏRI
“Pokemon Go” iyulun 6-da ilk dəfə ABŞ, Avstraliya və Yeni Zellandiyada istifadəyə verilmişdi, baxmayaraq ki, cizgi filmin özü Yaponiya istehsalıdır (“Niantic” ilə “Pokemon” arasında frençayzinq müqaviləsi var). Pikaçunun vətənində isə oyun iyul ayının 22-də reliz edildi və pokemonlar öz “həmyerliləri”nə qovuşdular. Oyun özü “Nintendo” şirkətinin dəyərini milyardlarla dollar məbləğində artırmışdı, Yaponiyaya girəndə atdığı addım isə, yəqin ki, onlara az qazandırmayıb. Belə ki, “McDonald’s Yaponiya” “Pokemon Go” oyunu ilə razılıq əldə etdiklərini elan edib. Partnyorluq əsasında Yaponiyadakı təxminən 2900 “McDonald’s” restoranından 400-ü pokemon treynerləri üçün “Gym”lərə (pokemonların döyüş meydanı) çevriləcək. Qalan 2500 restoran isə sadəcə pokestop olacaq. Artıq gəncləri “McDonald’s”lara cəlb etmək üçün yeni kompaniyalar fikirləşməyə ehtiyac qalmayacaq, Lure aktiv olandan sonra ərazinin pokemon treynerləri hamısı gələcəklər ora. Sərfəli sövdədir, məncə.
Mən hələ bilmirəm oyunun rəsmi reliz olunduğu digər ölkələrdə başqa hansı şirkətlərlə nə kimi biznes sövdələşmələri olub. Qeyd üçün deyim ki, oyunun hansı ölkələrdə reliz edildiyini rəsmi tvitter səhifələrindən izləyə bilərsiz, son olaraq Honk-Konq elan edilib. Müxtəlif yollarla rəsmi elan olunmadığı ölkələrdə oyunu oynamaq mümkün olsa da, düşünmürəm ki, həmin ölkələrdə bu tip biznes sövdələşmələri əldə etmək mümkün olsun. Əgər oyun rəsmi olaraq Azərbaycana gəlsə, bəlkə bundan yararlanmaq olar.
Amma fürsətlər tükənmir. Daha doğrusu, insanlar özləri özləri üçün fürsət yaradır. “MyMiniFactory” adlı 3 ölçülü (3D) çap edilə bilən dizaynlar hazırlayan şirkət pokemon tutanda əyri atılan poketop (pokeball) israfını azaltmaq üçün xüsusi dizayn hazırlayıb və hər kəs bu dizaynı alıb 3 ölçülü printerində çap edə bilər. Dizaynına “Pokeball Aimer” adını verən Con Klever adlı dizayner hələlik yalnız iPhone 6 modellərinə uyğunlaşan dizayn düzəltdiyini, digər modellər üçün də kifayət qədər maraq olacağı təqdirdə yeni dizaynlar düzəldə biləcəyini qeyd edib. Sonradan isə bu məlumata belə bir düzəliş edib: “Yaxşı, həqiqətən çox maraq var, digər telefon modelləri üçün də “Pokeball Aimer”lər dizayn etməyə cəhd edəcəm”.
Başqa bir nümunədə yelp.com saytı öz axtarış proqramına “nearby Pokestops” funksiyası əlavə edib. Siz əvvəlcədən gedəcəyiniz yeri “Yelp”də axtaranda onun ətrafındakı pokestopları da əvvəlcədən öyrənə bilərsiz.
“T-Mobile” şirkəti isə “Pokemon Go” oynayanlar üçün intrnet trafikini pulsuz edib, özünə kifayət qədər müştəri toplaya bilib.
Əgər siz sadəcə bu oyuna aludə olmuş bir oyunçusuzsa, onda çox sadə şəkildə pul qazanmaq olar. Məsələn, oyunu başlayırsız, 15-ci səviyyəyə çatıb, onu başqalarına sata bilərsiz. Sonra yenə, sonra yenə…
YEKUN
Gördüyünüz kimi bizneslər artıq “Pokemon Go” ilə kifayət qədər bütövləşiblər. Nəzərə alsaq ki, “Niantic” şirkəti oyunun hələ tam versiyasını reliz eləmədiyini qeyd edib, görün indi ful-relizdən sonra nə kimi imkanlar yarana bilər. İzlədiyim qədər isə Azərbaycanda hələ ki, belə gedişlər yoxdur. Yuxarıda qeyd elədiklərim sadəcə bir neçə nümunədir. Daha çox, daha praktik və daha asan ideyalar var. Bu yazını da cümə günü paylaşıram ki, bazar ertəsi işə yeni ideyalarla gedəsiz. Fikirləşməyə 2 gün vaxt var. Bir şey tapa bilməsəz, müraciət edin, əsl brainstorming ediləsi mövzudur .