Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.
Mərkəzdən verilən məlumata görə, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.
Qeyd edək ki, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı.