Vaşinqton bu ilin 4 iyulunadək — ABŞ-nin 250 illik yubileyini qeyd edəcəyi tarixə qədər — Qrenlandiya üzərində nəzarət qurmağa çalışacaq. Bu barədə Politico nəşri jurnalistlərinin danışdığı ekspertlərə və məmurlara istinadla yazır.
Vaxt seçimi təkcə simvolik məna daşımır. 2026-cı ilin noyabrında ölkədə aralıq seçkilər keçiriləcək və nəşrin mənbələrinin bildirdiyinə görə, Qrenlandiyanın bu və ya digər formada ABŞ-yə qoşulması hakim partiyanın xeyrinə işləyə bilər.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbət böyük ehtimalla hərbi müdaxilədən getməyəcək. Vaşinqton siyasi təzyiq kampaniyasından istifadə edə bilər. Mənbələrdən birinin sözlərinə görə, bu, “öz mülki və hərbi nəzarətini gücləndirmək üçün yerli siyasətçilərin satın alınmasına yönəlmiş səylər ola bilər. Amerikalıların buna nail olmaq üçün müxtəlif üsulları var”. Həmin mənbənin sözlərinə görə, ABŞ-nin Qrenlandiya ilə bağlı niyyətləri “real və ciddidir”.
Yanvarın 4-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlara “Qrenlandiya mütləq lazımdır” və onun sözlərinə görə, ada “Rusiya və Çin gəmiləri ilə əhatə olunub”.







