Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasında çətinliklərlə üzləşir, çünki ən böyük təşkilatlar və obyektlər artıq məhdudiyyətlər altındadır. Bu barədə “Politico” yazıb.
Nəşrin həmsohbəti bildirib ki, daha əvvəl “bütün iri obyektlərə” qarşı sanksiyalar tətbiq edilib və bu, yeni məhdudiyyətlər paketinin hazırlanmasında ən böyük problemə çevrilib. O, həmçinin əlavə edib ki, nüvə enerjisi və ya mayeləşdirilmiş təbii qaz (LNG) sanksiyaların tətbiqi üçün əlçatmazdır.
“Politico”nun yazdığı kimi, növbəti məhdudiyyətlər paketinin Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasının ikinci ildönümünə – 24 fevrala qədər razılaşdırılması planlaşdırılır. Ehtimal ki, bura alüminium məhsullarına sanksiyalar daxil olacaq, istehsalın azalması Rusiyanın enerji sənayesinə də təsir edəcək.
“Bloomberg” daha əvvəl yazmışdı ki, Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə etməyə başlayıb. Agentliyin mənbələrinə görə, bu, ticarət məhdudiyyətlərinin gücləndirilməsini, qara siyahıların genişləndirilməsini və üçüncü ölkələr və Aİ daxilindəki şirkətlər vasitəsilə sanksiyalardan yayınaraq Rusiyaya qarşı nəzarətin gücləndirilməsini əhatə edəcək.