Avropa İttifaqının səfirləri 15 oktyabr tarixində Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə dair ortaq razılığa gələ bilməyiblər. Bu barədə “Politico” nəşri diplomatlara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, məsələ 17 oktyabrda yenidən müzakirə olunacaq. Bir gün əvvəl Slovakiyanın Baş naziri Robert Fico bildirmişdi ki, Avropa İttifaqı Ukrayna ilə bağlı vəziyyəti müzakirə etməklə, əslində, öz problemlərini həll edə bilməməsini gizlədir. Baş nazir əlavə edib ki, “Rusiyaya qarşı yeni sanksiya paketlərini müzakirə etməkdə maraqlı olmayacaq, ta ki, müzakirələrin nəticəsində Avropa Komissiyasına avtomobil sənayesindəki böhran və enerji daşıyıcılarının yüksək qiymətləri ilə bağlı siyasi təlimatlar verilməsini görməyincə”.
19-cu sanksiyalar paketinin təsdiqi Avstriya, Macarıstan və Slovakiyanın etirazı səbəbindən, yəqin ki, 23–24 oktyabr tarixlərində keçiriləcək Aİ sammitinədək təxirə salınacaq.