ABŞ prezidenti Co Bayden Konqresə Ukraynaya kömək üçün əlavə 24 milyard dollar ayrılması ilə bağlı sorğu göndərib, bu barədə “Politico” yazır. Bildirilir ki, Bayden administrasiyası “ABŞ ehtiyatlarını artırmaq” üçün 16 milyard dollar, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (Ukraine Security Assistance Initiative, USAI) proqramı çərçivəsində isə daha 8 milyard dollar ayırmağı təklif edib.
Sənəd gələn ayın əvvəlində qəbul oluna bilər. Bununla belə, “Politico” Konqresin hazırkı prezidentin bu tələbinə razılıq vermə şansını “kiçik” kimi qiymətləndirir. Yeni seçilmiş prezident Donald Tramp tərəfindən (yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq) gələcək Hökumətin Effektivliyi Departamentinin (DOGE) həmsədri vəzifəsinə təyin edilmiş iş adamı İlon Mask “X” sosial şəbəkəsində “Politico” məlumatlarını şərh edib. O, Ukrayna üçün nəzərdə tutulan yeni tranş haqqında məlumatı şərh edərkən yazıb: “Bu normal deyil”.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken dünən bildirib ki, Bayden administrasiyası Kiyevə hərbi yardımı artırmaq üçün səylərini davam etdirəcək. Noyabrın 13-də o, Donald Trampın vəzifəyə başladığı günə qədər Konqres tərəfindən təsdiqlənmiş vəsaitin “hər dollarını” Ukraynaya çatdırmaq niyyətində olduğunu deyib.
Bundan əlavə, ABŞ Ukraynanın 4.65 milyard dollarlıq dövlət borcunun bir hissəsini silə bilər, “Bloomberg” yazıb. Qeyd edək ki, bu məbləğ ABŞ-nin Ukraynaya verdiyi 9 milyard dollarlıq kreditin yarısıdır.