Polşa, Almaniya və Hollandiya hərbi texnika və şəxsi heyətin hərəkəti üçün dəhliz yaratmaq üçün bəyannamə imzalayıb. Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bildirib ki, saziş “hərbi Şengen”ə doğru ilk addım olacaq.
2023-cü il noyabrın 23-də Almaniyanın cənub-qərbindəki NATO hərbi logistika mərkəzinin komandiri Aleksandr Sollfrank bildirib ki, Şengenə oxşar hərbi vizanın yaradılması NATO ölkələri daxilində qoşunların sürətli hərəkətini təmin edəcək. Onun sözlərinə görə, ittifaq “bir addım qabaqda” olmalıdır və buna görə də “5-ci maddəyə müraciət edilməmişdən” çox əvvəl “fəaliyyət teatrını hazırlamalıdır”. Bu maddə NATO-nun kollektiv müdafiəsi haqqında müddəaya istinad edir. Yanvarın 29-da “Times” qəzeti mənbələrə istinadən yazıb ki, NATO dövlətləri 2024-cü ilin iyuluna qədər “hərbi Şengen”in yaradılması barədə razılığa gələ bilərlər.
24 noyabr 2023-cü ildə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “hərbi Şengen” ideyası yalnız gərginliyi artırır və Avropanın təhlükəsizliyini təhdid edir.