Polşa parlamentinin aşağı palatası (Seym) hakim “Qanun və Ədalət” Partiyasının İkinci Dünya Müharibəsi zamanı respublikaya dəymiş ziyana görə Almaniyadan təzminat alması təklifi ilə bağlı qətnamə qəbul edib.
Səsvermə parlamentin rəsmi saytında yayımlanıb.
Qətnamənin lehinə 418 deputat səs verib, 4 nəfər sənədin əleyhinə çıxıb, 15 deputat bitərəf qalıb, 22-si isə səsvermədə iştirak etməyib.
Seym qətnamədə “Almaniya hökumətini qeyd-şərtsiz “Üçüncü Reyx”in İkinci Dünya Müharibəsi nəticəsində Polşaya və onun vətəndaşlarına vurduğu bütün zərərə görə siyasi, tarixi, hüquqi və maliyyə məsuliyyətini öz üzərinə götürməyə çağırır”.
“Almaniya təcavüzü, Polşanın bu ölkə tərəfindən işğalı və sistemli soyqırımı xeyli zərər, iztirab, o cümlədən maddi və qeyri-maddi itkilərlə nəticələndi. Alman işğalının insanlara qarşı vəhşilikləri müxtəlif formalarda idi: əsarət, məcburi əmək, uşaq oğurluğu, uşaqların, kişilərin və qadınların – Polşa vətəndaşlarının şikəst edilməsi, zorlanması və öldürülməsi. Soyqırım və müharibə cinayətlərinin izləri məhv edilib”, – qətnamədə deyilir.
Qeyd edək ki, II Dünya Müharibəsi 1939-cu ilin 1 sentyabrında Almaniyanın Polşaya hücumu ilə başlayıb. Polşanın müharibə ərzində insan itkisi 6 milyon nəfərdən çox olub. Hitlerçilər habelə Varşava şəhərini yerlə-yeksan ediblər. Hərbi əməliyyatlar zamanı ölkənin digər şəhərlərinə də ciddi ziyan vurulub.