Polşa Cənubi Koreya hakimiyyətinin silah və hərbi texnikanın tədarükü üzrə müqavilələrin maliyyələşdirilməsi ilə bağlı hazırkı təklifini qeyri-qənaətbəxş hesab edir.
Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib.
“Birgə maliyyələşdirmə və ya maliyyə zəmanəti üçün yaxşı bir təklif olmalıdır ki, biz bunu qəbul edə bilək. Hələlik belə bir təklif (Cənubi Koreya tərəfdən – red.) almamışıq”, – o deyib.
Xatırladaq ki, 2022-ci ilin iyul ayında Varşava və Seul 980 ədəd “K2” tankı, 648 ədəd “K9” özüyeriyən artilleriya qurğusu, 48 ədəd Cənubi Koreya istehsalı olan yüngül tipli “FA-50” təyyarəsi tədarük etmək barədə razılığa gəliblər. Həmçinin 288 ədəd “K239 Chunmoo” reaktiv yaylım atəşi sistemlərinin tədarükü üzrə müqavilə imzalanıb. Əməliyyatların ümumi məbləği 12,4 milyard ABŞ dollarına çatır.