“NATO döyüşə hazır vəziyyətdədir”.
Bunu Polşa Prezidenti Anjey Duda ölkəsinin şərqindəki raket insidenti ilə əlaqədar çıxışında bildirib.
“Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”, – dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, Polşa silahlı qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sisteminin hazırlığı artırılıb: “Təyyarələrimiz müttəfiqlərin təyyarələrini dəstəkləyəcək. Biz sakit və hesablı şəkildə davranırıq”.
Eyni zamanda, Polşa lideri raketin kimin buraxdığına dair qəti sübutun olmadığını açıqlayıb: “Faktla bağlı araşdırmalar aparılır. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.