9 C
Baku
Friday, December 13, 2024

Pomidor ‘müharibəsi’ yenidən qızışır

Rusiya gələn ilin aprelindən etibarən pomidor idxalı qadağan etməyi planlaşdırır. Lakin bu qadağa yalnız büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan pomidor məhsullarına şamil ediləcək.

Bu isə o deməkdir ki, Rusiya artıq növbəti ildən etibarən dövlət vəsaiti hesabına büdcə təşkilatlarının ehtiyacları üçün xaricdən pomidor alınmasına son qoyacaq. Bununla əlaqədar olaraq büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsəsən, belə bir addımın atılmasında məqsəd yerli istehsalı dəstəkləmək və istixana tərəvəzçiliyini inkişaf etdirməkdir.

Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sahələrdən biri məhz pomidor ixracıdır. Pomidor ixracının böyük hissəsinin də məhz Rusiyanın payına düşdüyünü nəzərə alsaq, qonşudakı bu qərarın bizə təsir edib-etməyəcəyi sual doğurur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında öncə Azərbaycanın pomidor ixracı potensialından söz açıb: “Ötən il Azərbaycandan Rusiyaya 172 min ton pomidor ixrac olunub ki, bu da ümumi dəyərdə 177 milyon dollar təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan bu ölkəyə 139,5 min ton pomidor ixrac edilib ki, onun da dəyəri 147 milyon dollar olub”.

F.Fikrətzadənin sözlərinə görə, bu gün Azərbaycan pomidorunun 99 faizi Rusiyaya satılsa da, bu qərar ölkəmizə demək olar ki, təsir etməyəcək: “Çünki burada söhbət büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan mallardan gedir. Bu cür təşkilatlar bizim pomidorun alıcılığında 2-3 faizlik paya sahibdirlər. Bu isə o deməkdir ki, həmin qərar digər istehlak bazarına təsir etməyəcək”.

Mərkəz rəhbəri idxalla bağlı rəqəmlərdən də danışıb: “2018-ci ildə ölkəmizə pomidor idxalı 990 ton, cari ilin 10 ayında isə bu rəqəm 284 ton olub. Bu isə o deməkdir ki, biz daha çox pomidor ixracatçısıyıq. İdxal isə sürətlə aşağı düşür”.

“Bilirsiniz ki, artıq Azərbaycan pomidor idxalına əlavə rüsum tətbiq edib. Bütün məhsullara rüsum 15 faiz olsa da, biz pomidorun hər kilosuna əlavə rüsum təyin etmişik ki, bu da Azərbaycana başqa ölkələrdən pomidor idxalına maneə yaradır və yerli istehsala daha çox dəstək verir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 0,1 faiz artaraq 189,2 min ton olub.

Son xəbərlər
Digər xəbərlər