14 C
Baku
Thursday, November 27, 2025

“Pop Mart” səhmləri Çinin istehlakı stimullaşdırmaq planları fonunda 10% artıb

“Pop Mart International” şirkətinin (Labubu oyuncaqlarının istehsalçısı) səhmləri son üç ayın ən kəskin artımını göstərib. “Bloomberg”in ticarət məlumatlarına əsasən, 27 noyabrda Honkonq Fond Birjasında “Pop Mart” səhmləri gün ərzində maksimum 10% yüksəlib. Ticarət sessiyasının sonunda artım 6,8%-ə qədər zəifləyib və səhmlərin qiyməti 218,6 Honkonq dolları (28,1 ABŞ dolları) olub.

“Bloomberg” qeyd edir ki, “Pop Mart” və digər Çin şirkətlərinin səhmlərinin bahalaşmasına Pekinin istehlak xərclərini stimullaşdırmağa yönəlmiş yeni planlarının açıqlanması səbəb olub. Sənəddə texnika, idman və istirahət, sağlamlıq, qida, uşaq məhsulları kimi bir sıra kateqoriyalarda istehsalın dəstəklənməsi və genişləndirilməsi təklifləri yer alır. Həmçinin elektron kommersiyanın inkişafı, “trade-in” proqramlarının gücləndirilməsi, istehlak kreditlərinin artırılması, brendlərin mediada fəal təbliği kimi addımlar vurğulanır. Sənəddə kolleksiya oyuncaqlarının aktiv inkişafı da xüsusi qeyd olunur — Labubu məhz bu kateqoriyaya daxildir.

“Morningstar” analitiki Ceff Çjan bildirib ki, Çin hökumətinin pozitiv yanaşması ümumi istehlakçı əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olub. Onun sözlərinə görə, ABŞ-də Şükran Günü və Milad ərəfəsində “Pop Mart” məhsullarına dünya üzrə tələbat yüksək olacaq.

27 noyabrda “Pop Mart” səhmləri Honkonqda artım lideri olub, digər şirkətlərin də qiymətləri yüksəlib. Məsələn, “Bloks Group” konstruktor istehsalçısının səhmləri 7,6%, ev üçün ucuz məhsullar satıcısı “Miniso Group”un səhmləri isə 2,7% artıb. Həmçinin kosmetika brendi “Mao Geping Cosmetics” və zinət əşyaları istehsalçısı “Laopu Gold”un səhmləri də bahalaşıb — bu şirkətlər də Pekinin planında qeyd olunan sahələrə daxildir.

2025-ci ilin əvvəlindən “Pop Mart” səhmləri təxminən 143% artıb. Bu yüksəlişə şirkətin oyuncaqlarına olan böyük maraq səbəb olub. Labubu — Honkonqlu dizayner Lon Kasinin yaratdığı dişli monstr kuklalar seriyasının əsas obrazıdır. Seriyada həmçinin Molly və Crybaby kimi personajlar da var. “Pop Mart” bu oyuncaqları “gizli qutu” formatında satır — alıcı qutunu açana qədər içində hansı fiqurun olduğunu bilmir.

Son xəbərlər
Digər xəbərlər