17 C
Baku
Tuesday, October 14, 2025

“Pop Mart” səhmləri Tim Kuk Çində Labubu sərgisini ziyarət etdikdən sonra 6% bahalaşıb

Çinin məşhur Labubu adlı yumşaq oyuncaqları ilə tanınan “Pop Mart International” şirkətinin səhmləri 6,05% artaraq ticarət zamanı 276,8 Honq-Konq dollarına (35,6 ABŞ dolları) yüksəlib. Lakin 14 oktyabr ticarət sessiyasının sonuna doğru artımın böyük hissəsi itirilib və ticarət 263 Honq-Konq dolları (33,8 ABŞ dolları; +0,77%) səviyyəsində bağlanıb.

“Bloomberg” yazır ki, “Pop Mart”ın qiymətləri “Apple” şirkətinin baş direktoru Tim Kukun Labubu sərgisinə baş çəkməsindən sonra yüksəlib. Çin səfəri çərçivəsində Kuk Şanxayda “The Monsters” adlı sərgini ziyarət edib. “Shanghai Securities News”un məlumatına görə, Kuk Labubu obrazının müəllifi olan rəssam Lon Kasin və “Pop Mart”ın yaradıcısı Van Nin ilə görüşüb.

2025-ci ildə “Pop Mart”ın səhmləri Labubu ətrafında yaranan ajiotaj nəticəsində üç dəfə bahalaşsa da, son aylarda bu artımın bir hissəsini itirib. Hazırda şirkətin səhmləri avqust ayında əldə edilən zirvə göstəricisindən təxminən 20% aşağıdır. Sentyabr ayında “Pop Mart”ın qiymətləri kəskin düşüb, çünki bazarda Labubu-ya olan marağın azaldığına dair əlamətlər görünməyə başlayıb. Analitiklər xüsusilə ikinci əl bazarında oyuncaqların qiymətlərinin aşağı düşməsinə diqqət çəkiblər.

Pekində yerləşən “Chanson & Co.” investisiya şirkətinin direktoru Şen Menin sözlərinə görə, Tim Kukun Labubu sərgisinə səfəri bazarda “Pop Mart” və “Apple” arasında potensial əməkdaşlıq barədə ehtimalları artırıb. Onun fikrincə, belə bir tərəfdaşlıq “Pop Mart” üçün yeni inkişaf imkanları aça bilər.

Son xəbərlər
Digər xəbərlər