“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Port of Baku) 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayarkən əvvəlki illə müqayisədə gəlirlərinin azaldığı və xərclərin isə xeyli artığı müşahidə edilib. Nəticədə dövlət şirkətinin xalis mənfəəti öncəki ildən 39 faiz daha zəif olub.
Banker.az “Port of Baku”nun PwC tərəfindən aparılan audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə gəlirləri 49.23 milyon manat təşkil etdiyini açıqlayıb. Bu, 2022-ci illə müqayisədə 1.8% azalma deməkdir. Həmin ildə 50.14 milyon manat gəlir olmuşdu.
Dövlət şirkətinin əmək haqqı və işçi xərcləri hesabat ilində 14.87 milyon manatdan 17.26 milyon manata yüksəlməklə illik müqayisədə 16.1% artıb.
Beləliklə, şirkət 2023-cü ildə 6.06 milyon manat xalis mənfəət əldə edib, öncəki ilin göstəricisi 9.96 milyon manat 39.1% azalmadır.
Şirkətin digər mühüm göstəriciləri aşağıdakı kimidir:
– Vergidən əvvəlki mənfəət: 2023-cü ildə 7.92 milyon manat, ötən ilə nisbətən 37.8% azalma (2022: 12.73 milyon manat).
– Təmir və saxlanma xərcləri: 2023-cü ildə 3.58 milyon manat, keçən ilə nisbətən 3% azalma (2022: 3.69 milyon manat).
– Peşəkar xidmət və konsaltinq xərcləri: Bu göstərici 2023-cü ildə 0.72 mln. manat, 2022-ci ilə nisbətən 24% azalma (2022: 0.95 mln. manat).
– Bank komissiya xərcləri: 2023-cü ildə 0.68 mln. manat, 2022-ci ildə isə 0.14 mln. manat idi ki, bu da xərclərin 382% artması deməkdir.
Bununla da dövlət şirkətinin bölüşdürülməmiş mənfəəti 15.45 mln. manatdan 21.51 mln. manata qalxıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” təsis edilərkən 16 min manat nizamnamə kapitalı ilə yaradılsa da, ona sonradan əlavə 237.96 mln. manat kapital yatırılıb. Şirkətin 259.48 mln. manat cəmi kapitalı mövcuddur.
1 yanvar 2024-cü il tarixinə aktivlərin həcmi 294.48 mln. manat, öhdəliklərin həcmi 35.16 mln. manatdır.
Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.