Portuqaliya hökuməti yüksək səviyyədə peyvəndlənməyə baxmayaraq, koronavirusa qarşı məhdudiyyətləri iki aydan sonra yenidən sərtləşdirir.
Bu barədə “Associated Press” məlumat yayıb.
Qərara əsasən, dekabrın 1-dən qapalı yerlərdə maska taxmaq yenidən məcburi olacaq. Həmçinin, restoranlara, kinoteatrlara və mehmanxanalara baş çəkmək üçün peyvəndi və ya koronavirusdan sağalmanı təsdiq edən elektron arayış təqdim edilməlidir.
Bundan əlavə, peyvənd edilmiş vətəndaşlar xəstəxanalara, qocalar evlərinə, idman tədbirlərinə, barlara və diskotekalara gedərkən mənfi test təqdim etməli olacaqlar. Ölkəyə gələn bütün insanlardan da mənfi test tələb olunacaq.
Hökumət əhaliyə mütəmadi olaraq test etməyi və vacib olmadıqca evdən çıxmamağı tövsiyə edir.
Xatirladaq ki, Portuqaliyada oktyabrın 1-dən demək olar ki, bütün koronavirus məhdudiyyətləri aradan qaldırılıb, xüsusən də onlara heç bir məhdudiyyət olmadan restoranlara və kütləvi tədbirlərə baş çəkməyə icazə verilib, gecə klubları yenidən açılıb.