Portuqaliya Nazirlər Şurası ölkədə vətəndaşlıq və yaşayış hüququ ilə bağlı meyarların sərtləşdirilməsini nəzərdə tutan dörd qanun layihəsini təsdiqləyib.
Bu barədə “Euronews” məlumat yayıb.
Yeni qanunlara əsasən, vətəndaşlıq almaq üçün tələb olunan qanuni yaşayış müddəti 7 ildən 10 ilə qədər artırılıb. Hökumət rəsmisi Antoniu Leitau Amaru bildirib ki, bu müddət artıq yaşayış icazəsinin verildiyi tarixdən hesablanacaq. Əvvəllər isə bu müddət ilkin müraciət tarixindən etibarən sayılırdı.
Amaru bu dəyişiklikləri “səmərəli ünsiyyət və milli icmaya mənsubiyyətin təmin edilməsi” zərurəti ilə əsaslandırıb.
Qanunvericiliyə edilən digər dəyişikliklərə görə, Portuqaliyada doğulan əcnəbi vətəndaşların uşaqları avtomatik olaraq vətəndaşlıq almayacaq. Bu halda valideynlərin ölkədə qanuni olaraq azı üç il yaşamaları tələb olunacaq. Amaru qeyd edib ki, uşaq ancaq “portuqal olması arzusu ifadə edilərsə” vətəndaşlıq ala bilər.