9 C
Baku
Şənbə, Dekabr 4, 2021

Portuqaliyada qeyri-iş saatlarında işçilərə zəng etmək qadağan edilib

Portuqaliya parlamenti distant çalışan işçilərin hüquqlarını qorumaq üçün yeni düzəlişləri təsdiq edib.

Banker.az xəbər verir ki, ölkə hakimiyyəti pandemiya zamanı evdən işləyənlərin sayının artmasını nəzərə alaraq əmək qanunvericiliyini uyğunlaşdırmağa etməyə qərar verib.

Yeni qaydalara əsasən, şirkətlər işçilərin və ya onların ailələrinin məxfiliyini pozduğu halda cərimələnəcək. Bundan əlavə, işəgötürənlər distant çalışan işçilərə görə digər bir sıra xərcləri ödəməli olacaq – məsələn, elektrik enerji və internet haqqı. Bunlar kommersiya xərclərinin bir hissəsi hesab olunacaq.

Yeni qaydalar ayrıca azyaşlı uşaqların valideynlərinin hüquqlarını qoruyur. Artıq onlar uşağın 8 yaşı olana kimi evdən işləyə biləcək. Eyni zamanda yeni qaydalara tənhalıqla mübarizə tədbirləri də daxildir. Məsələn, şirkətlərin işçiləri ən azı iki ayda bir dəfə rəhbərlərlə görüşəcək.

“Biz Portuqaliyanı rəqəmsal köçərilər və uzaqdan çalışan işçilər üçün dünyanın ən yaxşı ölkələrindən biri hesab edirik, onları buraya gətirmək istəyirik”, – deyə ölkənin əmək və sosial təminat naziri Ana Mense Qodinyo söyləyib.

Yeni qaydalara baxmayaraq, parlament işçilərə iş saatları xaricində peşəkar ünsiyyəti kəsmək səlahiyyətinin verilməsi təklifini rədd edib. İstisna hallarda işçilərə edilən zənglərə görə (məsələn, sayt işləmirsə) şirkətlər cəzalandırılmayacaq. Bundan əlavə, distant çalışan işçilər ən azı iki ayda bir dəfə rəhbərləri ilə görüşməyə hazır olmalıdırlar.

Son xəbərlər
Oxşar xəbərlər
X