3 C
Baku
Saturday, December 14, 2024

Post-koronavirus: gözləntilər və çətinliklər

OPEC+ formatında 09.04.2020-ci il tarixdə keçirilən, 10.04.2020-ci il tarixdə ilkin və dünən isə (bəzi dəyişikliklərlə) bəyan olunan yekun nəticələrin dünya neft bazarındakı qiymətlərə təsir etməməsi səbəbləri haqqında 09.04.2020-ci il tarixdə AzTv-nin “İqtisadiyyat xəbərləri” verilişində mövqe, rəy və proqnozlarımı səsləndirdiyim üçün həmin fikirləri təkrar etmədən digər məsələlərə toxunacağam. Qeyd edim ki, iclasın keçirildiyi gün səsləndirdiyim fikir və proqnozlar tam olaraq özünü doğrultdu və bu gün də verilən bir çox suallara cavabları əhatə etdiyi üçün təkrar edərək vaxt itkisinə yol vermirəm. (həmin veriliş facebook səhifəmdə mövcuddur).

Qeyd etmişdim ki, iclasın nəticələri olacaq, razılıq əldə olunacaq, amma bu nəticələr bazara ciddi təsir etməyəcək. Həmin nəticələr qiymətlərin bundan sonra kəskin enişinin qarşısını almağa xidmət edəcək. Qeyd etdiyim kimi, səbəblərdən biri budur ki, 2020-ci ilin 2-ci rübündə gündəlik təlabatın orta hesabla 16 milyon barel azalması qarşılığında 9.7 milyon barellik təklif azalması olacaq. İkincisi, tələb artmır, qərarın icrası isə 01 may tarixindən etibarən başlayacaq. Digər məsələ anbar və tankerlərin dolu olmasıdır. Amma əsas məsələlərdən biri də birjalarda maliyyə əməliyyatları və onların xarakteri, çeşidi və gözləntilərdir. Burada bir haşiyə çıxım. Neft bazarına təkcə neftçi gözü ilə baxdıqda da qeyri-müəyyənlik yaranır, təkcə maliyyəçi gözü ilə baxdıqda da. Proqnozların özünü doğrultma ehtimalları o zaman yüksək olur ki, bu bazara, həm neft, həm siyasi tərəfdən, daha çox isə maliyyə əməliyyatlarının incəlik və dərinliklərini bilərək bunların (neft, siyasət, maliyyə) əlaqə və korelyasiyalarını müəyyən etməklə baxılsın.  Qayıdaq mövzumuza. Gözləntilərdən biri də budur ki, dünya online iclas, müşavirə, konfranslar keçirə bilirsə və bu alınırsa niyə əlavə xərclər çəkib bundan ötrü başqa ölkələrə uçmaq lazımdır?? (yüksək əhəmiyyətli gizli danışıqlar xaric). Post-koronavirus dövründə dəyişəcək yanaşma və baxışlardan da biri budur. İkincisi, virus 1-2 aya keçəcək, bəs virusun psixoloji təsirləri nə vaxt keçəcək? Üçüncüsü, ölkələr tezliklə 1-1.5 aya daxili karantin rejimlərini yumşaldacaqlar, lakin, sərhədlər tam olaraq və birdən açılmayacaq. Məsələn, Avropa Birliyi hətta Aİ ölkələri arasındakı sərhədləri sentyabr ayına qədər bağlı saxlamağı düşünür. Daxili karantin rejimlərinin hər hansı bir ölkədə 3 ay saxlanması mümkün deyildir. Burada təhlillər zamanı edilən səhvlərdən biri də Çinin Uhan vilayətinin xatırladılmasıdır. Düzgün müqayisə deyil. Çünki, məsələn, Azərbaycan özünün hər hansı bir rayonunu 3-5 ay rahat şəkildə karantində saxlaya bilər. Ölkə həmin rayona kömək göstərər, ərzaq göndərər və sair. Həmin rayonun işləməməsi nəticəsində dəyən zərər isə digər rayonların işləməsi ilə kompensasiya olunar. Ölkənin özünün karantində uzun müddət olması mümkün deyil. Mümkün olsa da, bu uzun müddətli karantin sonradan iqtisadiyyatın bərpa prosesini çətinləşdirər, ölkə iqtisadiyyatına ciddi zərər vurar, ticarət pozular və sair və sair. Bütün bu səbəblərdən ölkələr daxili karantin rejimini yumşaldacaqlar.

Mənə o qədər də pessimist olmağa imkan verməyən məsələlərdən biri əslində hadisələrin gözlənilən temp və tərzdə, ardıcıllıqda inkişafıdır. Fevral ayında Çində virusun pik həddinə çatacağı, mart ayında enişin olacağı, aprel ayında Avropada pik həddə çatıb, may ayında enişin olacağını, bundan sonra digər ölkələrə sürətlə yayılsa da iyuna qədər bitəcəyini məqalə və çıxışlarımda qeyd etmişdim. Eyni fikirlərdə qalıram. Həm də qonşumuz olduğu üçün İran daha çox narahatçılıq doğururdu. Məni sevindirən məsələ İranın məsələyə ziyarət yerlərini bağlaması və məscidlərdə cümə namazalarını təxirə salması, məsələyə ciddi yanaşması oldu. Bütün müsəlman ölkələri də eyni tədbirləri gördülər.

Hazırda narahat edən məqam Rusiya və Türkiyədə virusun pik həddinə çatmaması və artan xətlə inkişafıdır. Lakin, hər 2 ölkədə virusun aprel ayının sonlarına doğru pik həddinə çatıb may ayında enişə keçəcəyini düşünürəm. Sağalma templərinin artması, yaşlı insanların da sağalması müsbət amillərdəndir. Əslində hazırda effektiv müalicə metodları və dərmanları vardır. Məsələ, vaksinin olmamasıdır ki, ehtiyatlı olmağa məhz vaksinin olmaması vadar edəcək.

Xəstəliyin psixoloji effektinin qalacağı, iyun ayında da ayrı-ayrı ölkələrdə hələ də azsaylı da olsa yoluxma hallarının olacağı səbəbindən bu yay turizm sektorunda təəssüf ki, canlanma və bərpa sürətli olmayacaq. Müsbət amil odur ki, uzun müddət evdə oturan hər bir şəxs daxili turizmdən faydalanmağa çalışacaq, rayonlara gedəcək.

Yazılanlardan belə nəticəyə gəlmək olur ki, vəziyyət o qədər də fəlakətli deyil. Amma, Dünya Səhiyyə Təşkilatının bir ay içərisində bir-birini təkzib edən 2-3 bəyanat və fikir səsləndirməsi (yəqin bunun səbəbləri sonralar araşdırılacaq), ayrı-ayrı şəxslərin bəzən çıxış etmək xatirinə (xəstəlik ilin sonuna qədər çəkəcək, milyardlarla insan öləcək və sair) fəlakət senariləri yazması, məlumatsızlıq və sair hallar vəziyyəti gərginləşdirirdi. Post-koronavirus dövründə çox ciddi hadisələr olacaq. Amma, siyası və iqtisadi sahələrdə. Nələr olacaq sualına ritorik bir sualla cavab verim. 11/09/2001-ci ildə ABŞ-da əkiz qüllələrin vurulması nəticəsində 3000 amerika vətəndaşı həlak oldu və ABŞ-ın 2 böyük binası yıxıldı. Hamımız nəticələrin şahidi olduq. Bəs 50-100 min amerika vətəndaşı ölürsə və iqtisadiyyata trilyonlarla dollar zərər dəyirsə nəticələri nə olacaq? Həm də bütün dünya ölkələrinin iqtisadiyyatlarına. Yəni, böyük ehtimalla əhatə dairəsi və gedişatı getdikcə aydınlaşmağa başlayan bir sunami olacaq.

İndi ən çox müzakirə olunan məsələlərdən biri budur ki, karantin rejimi və sosial izolyasiya niyə vacibdir, əgər ölüm faizi 5% ətrafındadırsa? Çünki, karantin və sosial izolyasiya xəstəliyin sürətlə yayılmasının qarşısını alır. Sayı nisbətən az olan xəstələri müalicə etmək və sağalma dərəcəsini artırmaq isə daha asan olur.

Bütün deyilənlərdən belə nəticə çıxartmaq olar ki, karantin rejimlərinin yumşalması, neftə olan tələbin tədricən artması, istehsalın (nəticədə ixracın) azalması neft qiymətlərinin artmını şərtləndirəcək. Amma mayın 1-ə qədər qiymətlərdə ciddi volatillik müşahidə edə bilərik.

Bir daha qeyd edim ki, əsas məsələ koronavirusdan sonrakı mərhələdir. Fiskal və monetar siyasətlərin bəlkə də ən incə və simbioz icrası tələb olunacaq. Ətraf ölkələrin valyutalarının kursları, aqressiv iqtisadi və ticari siyasətlər idxal və istehsal arasındakı balansın qorunmasını daha da çətinləşdirəcək və aktuallaşdıracaq, proteksionist siyasətlərin artması səbəblərindən ixraclarda çətinliklər yarana bilər; bir tərəfdən iqtisadiyyata pul kütləsi inyeksiyası, kreditləşmənin aktivləşməsi tələb olunsa da digər tərəfdən bunun inflyasiya təzyiqini artıra biləcəyi və digər çağırışlar olacaq. Amma, hər bir məsələdən əlbəttə çıxış yolu var. Xüsusilə bank sektorunun iqtisadiyyatın bərpasında və inkişafında rolunun daha da məhz effektiv şəkildə artırılması əsas prioritetlərdən biri olacaq. Hazırda əsas araşdırma obyektim məhz qeyd etdiyim sonuncu məsələdir.

P.S. Sonda bir məsələyə bir daha aydınlıq gətirmək istəyirəm. Dərin araşdırmadığı və bilmədiyi, işləmədiyi bir sahə, mövzu haqqında danışmağa, rəy bildirməyə müsbət baxmıram. Şəxsən, araşdırmadığım, işləmədiyim heç bir sahə haqqında da fikir bildirməmişəm. Hər şəxsin öz sahəsi vardır. Bir daha da vurğulamaq istərdim ki, mən nə epidimioloq, nə virusoloqam. Həkimliklə heç bir əlaqəm yoxdur. Bu virus haqqında fikir və məlumatların formalaşma səbəbi budur ki, Çində Sars (2003-cü ildə Sars xəstəliyinin yayılması və Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatlarına təsiri haqqında qəzetlərin birində bir məqalə yazmışdım), Mers tipli virusun yayılması xəbərini dekabr ayında eşitdikdən sonra izləməyə və araşdırmağa başladım. Başqa sözlə, hazırda cəmiyyət koronavirus haqqında hansı templə maraqlanır, məlumatlar toplayırsa, mən də yanvarın ilk günündən bu məlumatları toplayırdım. Səbəbi də var idi. Əvvəla, fikrimcə, viruslar iqtisadi böhran və təlatümlərə səbəb olduqları üçün iqtisadiyyatla qohum olublar. İkincisi, Brexit 2020-ci ilin yanvarın 31-də həyata keçir və qeyri-müəyyənlik doğrudanmı bitər-bitməz yeni bir problem çıxır? Burada 1920-ci illərin əvvəlində dünya əhalisinin ¼-nin (500 milyon) yoluxduğu və 50-70 milyon (bəzi mənbələrdə 100 milyon) insanın öldüyü ispan qripinə (tədbirlər görülmədiyi üçün əsl fəlakət həmin virus olmuşdu) toxunmuram. Təkcə, son 20 ildə Sars, Mers, Ebola, quş və donuz qripləri və sair xəstəliklərin iqtisadiyyatlara təsirlərinin çox olduğunu, nələrə səbəb olduğunu da qeyd etmirəm. Amma,bir məsələ aydındır. Təəssüf ki, Covid-19-un iqtisadiyyatlar və ümumilikdə dünya iqtisadiyyatına təsirləri son 20 ildə (2000-2020) şahidi olduğumuz və adlarını çəkdiyim bütün bu virusların cəmi təsirlərindən qat-qat çox olacaq.

 

Müəllif:
Elman Sadıqov
İqtisadçı

Son xəbərlər
Digər xəbərlər