7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Post-pandemiya dövründə Azərbaycanın iqtisadi siyasəti

İstər pandemiya dövründə, istərsə də post-pandemiya dövründə dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri bir neçə istiqamət üzrə baş versə də bu istiqamətlər üzrə ən vacibi sözsüz ki, dünya neft və qaz bazarlarında baş verən proseslər olub. Ona görə ilk olaraq son iki ildə beynəlxalq neft və qaz bazarında baş verən prosesləri nəzərdən keçirmək faydalı olar.

Pandemiyanın başladığı dövrdə dünya üzrə iqtisadi aktivliyin kəskin azalması enerji daşıyıcılarına olan tələbin də azalmasına səbəb olub ki, bu da nəticədə dünya bazarlarında neftin və qazın qiymətinin azalmasına gətirib çıxarıb. Əgər 2019-cu ilin iyun ayında Brent markalı neftin hər barrelinin qiyməti 62-65 ABŞ dolları (bundan sonra dollar) arasında dəyişirdisə bu göstərici 2020-ci ilin aprel ayında 25 dollara qədər azalıb. Neftin qiymətinin kəskin azalmasının qarşısını almaq üçün isə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bir neçə dəfə təşkilata üzv ölkələrin neft istehsalı həcminin azaldılması ilə bağlı razılığa gəlib. Məsələn, 2020-ci ildə Mayın 1-dən etibarən gündəlik neft hasilatının 9.7 milyon barrel azalması haqqında razılıq əldə edilmişdi. Bu tədbirlər neft bazarına və qiymətlərə təsiri baş versə də neft qiymətlərinin özünü bərpa etməsi əsasən 2020-ci ilin oktyabr ayından etibarən başlayıb və Brent markalı neftin qiyməti 2021-ci ilin mart ayında artıq 70 dollara yaxınlaşıb. Bundan sonrakı dövrdə qısa müddətli azalmalar müşahidə edilsə də əsasən qiymətin artması prosesi davam etmiş və 2021-ci ilin noyabr ayında 83 dollara yaxınlaşıb.

Oxşar proses qaz bazarında da baş verib. Belə ki, pandemiya dövründə dünyada iqtisadi aktivliyin azalması nəticəsində qazın dünya bazarlarında qiyməti azalsa da sonradan pandemiyanın yayılması zəiflədikcə artmağa başlayıb. Bu proses çərçivəsində qazın qiymətləri Avropada tarixin ən aşağı və ən yüksək həddini görüb. Belə ki, 2020-ci ilin may ayında min kubmetr üçün qazın qiyməti 34 dollara qədər azalıb. Sonradan qismən artmağa başlayıb və 2020-ci ilin noyabr ayında 187 dollara qədər artıb. Sonrakı dövrdə tədriclə artıb, 2021-ci ilin sentyabr ayından etibarən isə havaların soyuması və pandemiyadan sonra tələbin kəskin artması nəticəsində qazın qiymətində əsaslı artım müşahidə edilib. Sentyabr ayında qazın Avropada min kubmetrinin qiyməti 700 dolları ötdükdən sonra oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti hər min kubmetr üçün 800 dollar səviyyəsində ticarət edilib. Buna baxmayaraq, oktyabrda qazın qiyməti gözləniləndən daha çox artıb və noyabr fyuçerslərinin qiyməti 1600 dolları ötüb. Qazın qiymətinin gözləniləndən daha sürətli artımı prosesi sonra da davam edib və dekabrda yanvar fyuçerslərinin qiyməti 2000 dolları ötüb. Bu isə Avropa tarixində qeydə alınmış ən yüksək qiymət olub. Qiymətlərin kəskin şəkildə artmasına pandemiya sonrası aktivliyin artması və havaların soyuması ilə yanaşı Avropanın əsas qaz təchizatçısı olan Rusiyanın Avropaya ixrac etdiyi qaz həcmlərini azaltması olub. Bu da qiymətlərin gözləniləndən daha sürətlə artmasına gətirib çıxarıb. Daha çox siyasi proseslərin nəticəsi olan bu artım siyasi problemlər həll edildikdən sonra güman ki, azalacaq. Lakin, istənilən halda pandemiyanın ilkin dövrlərində müşahidə edilən aşağı qiymət səviyyəsi müşahidə edilməyəcək.

Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun böyük paya sahib olması onun yuxarıda qeyd etdiyimiz problemlərdən birbaşa təsirlənməsinə səbəb olub. Pandemiyanın ilkin dövrlərində neft və qaz qiymətlərində müşahidə edilən kəskin azalmalar narahatlıq yaratsa da, uzun müddət davam etməməsi Azərbaycan üçün ciddi iqtisadi problemlər yarada bilməyib. Qiymət azalmaları ixrac imkanlarının daralmasına səbəb olsa da neft və qazın böyük hissəsinin müqavilələrdə müəyyən edilən qiymətə əsasən satılması Azərbaycan üçün ciddi maliyyə itkilərinin formalaşmasına səbəb olmayıb. Bu isə imkan vermişdir ki, pandemiya dövründə Azərbaycan hökuməti əhalinin sosial-iqtisadi vəziyyətinin kəskin şəkildə pisləşməsinin qarşısını almaq üçün geniş miqyaslı dəstək tədbirlərini həyata keçirsin.

Post-pandemiya dövründə isə qiymətlərin artımının baş verməsi Azərbaycan üçün ixracın davamlılığının təmin edilməsi və sahib olduğu geniş maliyyə ehtiyatlarını daha da artırmaq imkanı yaradır. Burada xüsusilə Cənub Qaz Dəhlizinin 2020-ci ildən etibarən işə düşməsini qeyd etmək lazımdır. Azərbaycan qazını Avropaya daşıyacaq bu layihənin işə başlaması Azərbaycanı Avropanın əsas qaz təchizatçılarından birinə çevirəcək. Bu layihənin rentabelli olması və onun icrası üçün Azərbaycanın xərclədiyi maliyyə vəsaitlərini geri qaytara bilməsi üçün qaz qiymətlərinin yüksək olması Azərbaycan üçün sərfəlidir. Ona görə də hazırda dünyada qaz qiymətlərində baş verən dəyişikliklər Azərbaycanın maraqlarına xidmət edir.

Pandemiya ilə mübarizə imkanlarının artması və buna görə də pandemiyanın əvvəl olduğu qədər iqtisadi problemlər yarada bilməyəcəyinin məlum olması həm də onu deməyə əsas verir ki, qarşıdan gələn illərdə qaza olan tələbat yüksək səviyyədə qalacaq və Azərbaycan qazın satışından səmərəli ola biləcək səviyyədə gəlir əldə edəcək. Onu da qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilir və qısa zamanda mühüm nəticələr əldə edilib. Bu tədbirlərin əsas məqsədi isə iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmaqdır. Lakin, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi və qeyri-neft sektoruna aid müxtəlif sektorların inkişafı üçün isə maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də neft və qaz sektorundan əldə edilən gəlirlər son illərdə qeyri-neft sektorunun inkişafına imkan yaradacaq maliyyə mənbəyi rolunda çıxış edib. Ona görə də, deyə bilərik ki, neft və qazın qiymətinin yüksək olması bu prosesin davam etdirilməsinə imkan yaradacaq və yaxın gələcəkdə qeyri-neft sektorunun neft sektorundan asılı olmadan tam sərbəst şəkildə inkişaf edə biləcək səviyyəyə çatmasına imkan yaradacaq.

Bu baxımdan deyə bilərik ki, post-pandemiya dövründə Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft gəlirləri hesabına digər sektorların sürətli inkişafını təmin edəcək mühiti yaratmaq olacaq. Neft və qaz sektorunda gedən proseslər ilə yanaşı onu da qeyd etmək lazımdır ki, post-pandemiya dövründə dünyada müşahidə edilən yüksək inflyasiya da Azərbaycan iqtisadiyyatına təsir etmir. Azərbaycanda istehlak məhsullarının tərkibində idxal edilən məhsulların əhəmiyyətli paya malik olması inflyasiya idxalının artmasına səbəb olur. Bu da yerli bazarda qiymətlərə artırıcı şəkildə təsir edir. Nəticədə, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür və hökumət sosial xərcləri artırmaq məcburiyyətində qalır.

İnflyasiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq üçün artıq bir çox sahələrdə 2022-ci ildən etibarən əmək haqlarının artırılması ilə bağlı sərəncam verilib. Bu mənada da post-pandemiya dövründə qaz və neft qiymətlərinin yüksək olması yüksək inflyasiyanın yaratdığı əlavə sosial-iqtisadi xərcləri qarşılamağa imkan verir. Digər tərəfdən inflyasiya idxalının artması yerli istehsalçıların rəqabət qabiliyyətinin artmasına imkan yaradır. Ona görə də pandemiyanın formalaşdırdığı mənfi inflyasiya tendensiyasının yaratdığı imkanlardan da faydalanmaq mümkündür. Bu istiqamətdə yeri istehsalçılara dövlət tərəfindən dəstəyin verilməsi də faydalı olar.

Son xəbərlər
Oxşar xəbərlər