12 C
Baku
Friday, March 29, 2024

Posterminal vasitəsi ilə ödəniş qəbul edərkən, ödənişi təstiq edən posterminal bildirişi ilə yanaşı kassa çekidə verilməlidirmi?

Bu suala mütəxəssislərin cavabları heç də həmişə birmənalı olmur. Düşünürük ki, qanunvericilikdə bununla bağlı müəyyən boşluqlar var.

İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları 4.3. İctimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq edilməklə həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə, müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Bu 2 qanunvericilik aktına əsasən birmənalı şəkildə deyə bilərik ki, bəli, ictimai iaşə və topdansatış fəaliyyətləri sahəsində posterminal bildirişi ilə yanaşı kassa çekidə verilməlidir. Bəs xidmət sahəsində necə ? Göründüyü kimi, qanunda xidmət sahəsi ilə bağlı belə bir suala cavab vermir.

Digər bir məsələ isə, Nağdsız hesablaşmalar haqqında AR Qanunu Maddə 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Bu qanundan belə nəticəyə gəlmək olur ki, posterminal ödənişi nağdsız ödənişə aid edilir.

Vergilər Məcəlləsinə baxaq. Maddə 16. Vergi ödəyicisinin vəzifələri

16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

Göründüyü kimi, Vergilər Məcəlləsində nağd hesablaşmalar zamanı alıcıya çek, qəbz və s.verilməsi vergi ödəyicilərinin birbaşa vəzifəsinə daxil edilmişdir.

Qanunvericilik aktlarından belə qənaətə gəlmək olar ki, posterminal ödənişləri nağdsız ödəniş hesab edildiyindən müştəriyə kassa çekinin verilməsinə ehtiyac yoxdur. Bununla belə, Vergilər Naazirliyi posterminal ödənişləri qəbzləri ilə birlikdə kassa çekinin də verilməsini tələb edir.

 Müəllif: Elşən Orucov 

 
Son xəbərlər
Digər xəbərlər