Azərbaycanda bank rəsmi gəliri cüzi olan vətəndaşa külli miqdarda istehlak krediti verib. Bu, qanunpozuntusudur.
Bunu hüquqi məsələlər üzrə ekspert Əkrəm Həsənov APA agentliyinə deyib. O bildirib ki, söhbət “Premium Bank”dan gedir. Belə ki, bank 2 il müddətinə rəsmi gəliri olmayan və ya 1000 manata kimi olan vətəndaşa 2.5 mln. manat məbləğində kredit verib. Bu müddət ərzində vətəndaş hər ay yalnız faizləri ödəməli olub.
Ekspert qeyd edib ki, kredit 5-6 il əvvəl verilib: “Kreditlə bağlı girov qoyulan əmlak digər şəxsə məxsus olub və həmin şəxs əmlakının girov qoyulmasından xəbərsiz olub. Kreditin götürülmə səbəbi kimi maliyyə ehtiyaclarının qarşılanması bildirilib. Bu isə ümumi bir açıqlamadır. Halbuki, konkret səbəb göstərilməli idi”.
Azərbaycan Mərkəzi Bankının “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” və bundan əvvəl qəbul edilmiş qaydalarına əsasən kredit verilərkən onun qaytarılması üçün girov deyil, kredit götürən şəxsin gəliri əsas götürülür. Bank isə cüzi miqdarda gəlirə böyük həcmdə kredit verməklə BGN əmsalı (Borc gəlir nisbəti) ilə bağlı qaydaları pozub. Başqa sözlə, kreditlə bağlı girov əmlak qoyulması cüzi gəlirə 2.5 milyon kredit vermək üçün əsas deyil.
Əkrəm Həsənov sadalanan faktları nəzərə almaqla hesab edir ki, “Premium Bank”ın vətəndaşa verdiyi kredit həm qanunsuz olub, həm də digər vətəndaşın əmlakı ondan xəbərsiz girov qoyulduğu üçün etibarsız olub.
Məsələ ilə bağlı “Premium Bank”a sorğu göndərilib. Sorğuya cavab olaraq bankdan bildirilib ki, məsələyə hazırda məhkəmə müstəvisində baxılmaqdadır: “Proses davam edir. Əlavə şərhin verilməsinə zərurət yoxdur”.