Yola saldığımız ilin sonları rebrendinqdən sonra yeni adla bazara çıxan “Premium Bank” ASC ilin ilk rübündə də maliyyə göstəricilərini müsbətlə bitirib.
Banker.az bu barədə Bankın 2019-cu ilin I rübü üçün açıqladığı maliyyə hesabatına istinad edir.
Hesabat dövrü ərzində Bankın cəmi faiz gəlirləri 10,95 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% artım etməsi deməkdir.
Bankın faiz xərcləri 4,65 mln. manat, qeyri-faiz gəliri 6,43 manat və qeyri-faiz xərci 8,4 mln. manat təşkil edib ki, nəticədə bank ilin ilk rübündə 5,13 mln. manatlıq əməliyyat mənfəəti əldə edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə böyümə olması deməkdir.
Lakin, “Premium Bank” ASC bu dəfə ötən ilkinin əksi olaraq 2,77 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və ilin yanvar-mart aylarında 3,01 mln. manatlıq xalis mənfəətlə bitirib. 2018-dəki rəqəmdən 3,88 dəfə kiçikdir.
Ötən ilin yanvar-mart aylarında bank problemli kreditlərin geridönüşü hesabına xalis mənfəətini 11,68 mln. manat etmişdi.
Xatırladaq ki, “Premium Bank” ASC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 104,6 mln. manatdır. Hazırda bankın səhmlərinə 84,5%- fiziki şəxs olan Zərifə Həmzəyeva, 15,2%-i “VIP AVİASİYA Xidmətləri” Şirkətinə və 0,32%-i isə ötən ildən Bankın Müşahidə Şurası sədri olan Elçin Əhmədova məxsusdur.