13:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
Banker.az xəbər verir ki, Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısında çatdırıb, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib və onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib. Dövlət başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib.
Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb.
Dövlət başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb, eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışıb, ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər təşkilatının və parlament şəbəkəsinin yaradıldığını deyib, Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub.
***
10:08
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.