“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Banker.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevyanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib
Ölkə başçısı prezident seçkiləri ərəfəsində verdiyi vədini də xatırladıb: “Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.
Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.
İ. Əliyev qeyd edib ki, aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb: “15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.
Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin”.