“Xeyr. İl ərzində müntəzəm olaraq görüşməyimizə və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib”.
Banker.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində “Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi – TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?” sualına cavabında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın təchiz etdiyimi qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz: “Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan isə Avropa. Biz məhz belə də etdik. Türkiyəyə ixrac 2006-cı ildə başlandı. Həcm getdikcə artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər. Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik”.