Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Banker.az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.
Fərmanla müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.
– AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
– ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;
– idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;
– qanunla qadağan olunmayan digər mənbələrdən.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
– bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etməli;
– AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutmalı;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.