“İlk iclası keçən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı baş tutmuş Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində addımlar müzakirə olunacaq”.
Bu barədə Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s. çərçivəsində səmərəli əməkdaşlıq edirlər: “Ölkələrimiz beynəlxalq aləmdə bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe tuturlar”.