8 C
Baku
Friday, March 29, 2024

Prezident “Baker Hughes, a GE company” şirkətinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər