Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun icrası məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 75; 2008, № 1, maddə 8; 2015, № 11, maddə 1321; 2018, № 7 (I kitab), maddə 1460, № 8, maddə 1700) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilsin:
“16. İdarə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirir, o cümlədən reklam yerləşdirilməsinə icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür, habelə Qoruğun mühafizə zonasında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq verir.”.
2. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1376, № 12, maddə 2309; 2018, № 11, maddə 2289) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.1-ci yarımbəndə “edilməsi” sözündən sonra “, onların dəyişdirilməsi” sözləri əlavə edilsin;
2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.2. idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;
2.3. 2.1.3-cü yarımbənddə “ləğvi məsələləri” sözləri “ləğv edilməsi” sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda 2.1.6-cı yarımbənd əlavə edilsin:
“2.1.6. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
2.5. 2.3.1-ci yarımbəndə “strukturunun” sözündən sonra “, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri əlavə edilsin;
2.6. 3.2-ci və 3.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə üç üzvdən ibarət İdarə Heyəti yaradılır.
3.3. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.”;
2.7. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə:
2.7.1. 1.1-ci bənddə “avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (bundan sonra – açıq məkanda)” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.7.2. 2-ci hissənin adında “fəaliyyətinin məqsədi” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin;
2.7.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin etmək.”;
2.7.4. 2.2.1-ci yarımbənddən “ölçülərindən asılı olmayaraq” sözləri çıxarılsın, həmin yarımbəndə “edilməsinə” sözündən sonra “, istismarına” sözü, “verir” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür” sözləri əlavə edilsin;
2.7.5. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.3. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında, habelə həyata keçirilməsində iştirak edir;”;
2.7.6. aşağıdakı məzmunda 2.2.3-1-ci yarımbənd əlavə olunsun:
“2.2.3-1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;”;
2.7.7. 2.2.4-cü yarımbənddən “, o cümlədən açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər verir, bu, nəticə vermədikdə, bu cür reklam daşıyıcılarının sökülməsi barədə qərar qəbul edir, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər görür” sözləri çıxarılsın;
2.7.8. 2.2.9-cu yarımbənddə “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilsin;
2.7.9. 2.2.19-cu və 2.2.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.2.19. Agentliyin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;”;
“2.2.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;”;
2.7.10. aşağıdakı məzmunda 2.2.21-1-ci yarımbənd əlavə edilsin:
“2.2.21-1. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;”;
2.7.11. 2.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğvi haqqında aidiyyəti üzrə təklif vermək;”;
2.7.12. aşağıdakı məzmunda 2.3.1-1-ci və 2.3.1-2-ci yarımbəndlər əlavə edilsin:
“2.3.1-1. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
2.3.1-2. açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər vermək, bunun nəticəsi olmadıqda, belə reklam qurğularının sökülməsi barədə qərar qəbul etmək, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında”, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlər görmək;”;
2.7.13. 2.3.2-1-ci, 2.3.5-ci və 2.3.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.3.2-1. açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu, habelə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutmaq;”;
“2.3.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;”;
“2.3.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;”;
2.7.14. aşağıdakı məzmunda 2.3.8-1-ci və 2.3.8-2-ci yarımbəndlər əlavə edilsin:
“2.3.8-1. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
2.3.8-2. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;”;
2.7.15. 3-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“3.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
3.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
3.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir.
3.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
3.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
3.5.1. Agentliyin fəaliyyətini təşkil etmək;
3.5.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
3.5.3. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
3.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
3.5.5. Agentliyin fəaliyyətinə nəzarət etmək;
3.5.6. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
3.5.7. Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
3.5.8. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
3.5.9. Agentlikdə daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
3.5.11. bu Nizamnamənin 2.2.3-cü və 2.3.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
3.5.12. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
3.5.13. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
3.5.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
3.5.15. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
3.5.16. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
3.5.17. bu Nizamnamənin 2.2.15-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.5.18. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
3.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
3.6. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
3.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı öz maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
3.8. İdarə Heyətinin sədri:
3.8.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
3.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və onlara sədrlik edir;
3.8.3. özünün, yaxud İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
3.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
3.8.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
3.8.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
3.8.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.8.8. müəyyən edilmiş struktur, işçilərinin say həddi və əməkhaqları daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
3.8.9. Agentliyin işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
3.8.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
3.8.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmasına nəzarət edir;
3.8.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
3.8.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
3.8.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
3.8.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
3.8.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
3.9. İdarə Heyətinin üzvləri:
3.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
3.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
3.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
3.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
3.9.5. İdarə Heyətinin qərarları və iclas protokolları ilə, habelə digər sənədlərlə tanış olurlar.
3.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.”;
2.7.16. 4.4-1-ci bəndə “Agentlik” sözündən sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin;
2.7.17. 4.6-сı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin mənfəəti yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;
2.7.18. 5.1-ci bəndə “Kabineti” sözündən sonra “, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri əlavə edilsin;
2.7.19. 6.2-ci bənddə “, statistik uçot aparır və statistik hesabatlar tərtib” sözləri “statistik hesabatları tərtib və təqdim” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1520; 2019, № 5, maddə 822) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1.25-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.25. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;”.
3.2. aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilsin:
“3.1.25-1. Qoruqların mühafizə zonasında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;”.
4. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311; 2018, № 11, maddə 2289) aşağıdakı dəyişikliklər edilsin:
4.1. Fərmanın adı aşağıdakı redaksiyada verilsin:
“Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında”;
4.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).”;
4.3. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nda:
4.3.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.”;
4.3.2. 1.4-cü bənddə “əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları” sözləri “(o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak” sözləri ilə əvəz edilsin;
4.3.3. 1.5-ci bənddə “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “2” rəqəmi “1” rəqəmi ilə, “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz olunsun və həmin bəndə “hüquqi” sözündən sonra “(o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin)” sözləri əlavə edilsin;
4.3.4. 2.2.4-cü və 2.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.2.4. reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı;
2.2.5. reklamın eskizi və ölçüləri;”;
4.3.5. 2.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.7-ci yarımbənd əlavə edilsin:
“2.2.7. reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi.”;
4.3.6. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.”;
4.3.7. 2.11-ci bəndin birinci cümləsində “bir” sözü “üç” sözü ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Daimi xarakter daşıyan reklama (xidmət, ticarət və ya digər obyektlərin adları və s.) icazə altı aydan az olmayan müddətə verilir.”;
4.3.8. 2.12.3-cü və 2.12.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.12.3. texniki şərtlər (reklam daşıyıcısının yerləşdiyi ünvan və ya koordinat, reklam daşıyıcısının növü, ölçüsü və tərəflərinin sayı, reklamın sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı);”;
“2.12.6. açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ;”;
4.3.9. 2.12.7-ci yarımbənddə “olduğu halda” sözləri “olduqda” sözü ilə əvəz edilsin;
4.3.10. 2.14-cü, 2.15-ci və 2.16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.14. Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir.
2.15. Reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamı yerləşdirmək niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün yeni reklam yerləşdirilməzdən əvvəl müvafiq quruma bu Qaydanın 2.2.5‒2.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Müvafiq qurum sənədlərin alındığı tarixdən 5 iş günündən gec olmayaraq bu Qaydanın 2.6.2-ci yarımbəndində nəzərdə tutulmuş halları müəyyən etdikdə, onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum iradlarını bildirmədikdə, habelə bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam yayıcısı bu bəndin birinci cümləsində nəzərdə tutulmuş digər reklamı yerləşdirə bilər. İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir.
2.16. Yerdəyişməyə (o cümlədən eyni ünvan çərçivəsində) məruz qalmış, həmçinin ölçüləri, hündürlüyü, istiqaməti dəyişdirilmiş və ya digər konstruktiv dəyişikliklər edilmiş reklam qurğusunda reklam yerləşdirmək üçün reklam yayıcısı yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.”;
4.3.11. 2.17-ci və 2.18-ci bəndlər ləğv edilsin;
4.3.12. 2.19-cu bəndin üçüncü cümləsi çıxarılsın;
4.3.13. 3.1-ci bəndə “qaydada” sözündən sonra “, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq” sözləri əlavə edilsin;
4.3.14. 3.4.1-ci yarımbənddə “qurumla razılaşdırmadan” sözləri “qurumu məlumatlandırmadan” sözləri ilə əvəz edilsin;
4.3.15. 3.5-ci bənddən “icazə müqaviləsi bağlanılmadan və ya” sözləri çıxarılsın;
4.4. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”ndə:
4.4.1. 1.4.1-ci yarımbəndə “transparant” sözündən sonra “, körpüüstü reklam” sözləri əlavə edilsin;
4.4.2. 1.4.4-cü yarımbənddə “digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid)” sözləri “çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;
4.4.3. 3.2-ci bənddə “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;
4.4.4. 3.3-cü bəndə “icazənin” sözündən əvvəl “müvəqqəti xarakter daşıyan reklama verilmiş” sözləri əlavə edilsin;
4.5. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”ndə:
4.5.1. 1.4-cü bənd ləğv edilsin;
4.5.2. 2.3-cü bəndin birinci cümləsindən “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla” sözləri çıxarılsın;
4.5.3. 3.1.4-cü yarımbənd üzrə:
1. 1-ci abzasa “transparant” sözündən sonra “, körpüüstü reklam” sözləri əlavə edilsin;
2. 4-cü abzasda “digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid)” sözləri “çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;
4.5.4. 3.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.5-ci yarımbənd əlavə olunsun:
“3.2.5. respublika əhəmiyyətli “M” indeksli avtomobil yollarının (Bakı şəhərində istisna olmaqla) torpaq sahələri üzrə əmsal ‒ 1.”;
4.5.5. 3.3-cü bənddə “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;
4.5.6. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi qaydası
4.1. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına verilən icazədə müəyyən edilir.
4.2. Reklam yayıcısı reklam yayımına görə aylıq haqqı müvafiq ayın bitməsindən sonra, növbəti ayın ilk 3 iş günündən gec olmayaraq, bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş aidiyyəti qurumlara ödəyir.
4.3. Reklam yayıcısı icazə alarkən icazənin qüvvədə olduğu müddətdə açıq məkanda reklam yayımına görə ödəməli olduğu haqqın aşağıda göstərilən hissəsini əvvəlcədən ödədiyi halda, ödənilmiş hissəyə aşağıdakı güzəşt tətbiq edilir:
4.3.1. 12‒36 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 10 faiz;
4.3.2. 6‒12 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 5 faiz.
4.4. Reklam yayıcısı Agentliyin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və ya Dənizkənarı Bulvar İdarəsinin müraciəti əsasında bayramların, beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar razılaşdırılmış müddətlərdə reklam daşıyıcısında müvafiq mövzularda plakatların (yazıların) yerləşdirilməsini və yayımını təşkil etdikdə (həmin vaxt reklam daşıyıcısı kommersiya məqsədləri üçün istifadə olunmur), reklam yayımına görə haqqın müvafiq yerləşdirmənin (yayımın) müddətinə düşən hissəsi ödənilmir.
4.5. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi nağdsız qaydada həyata keçirilir.”;
4.6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” aşağıdakı redaksiyada təsdiq edilsin:
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasını tənzimləyir.
1.2. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularına (bundan sonra – reklam qurğusu) şamil edilir.
1.3. Reklam qurğusunun quraşdırılması və sökülməsi sahəsində nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – müvafiq qurum) həyata keçirir.
2. Reklam qurğusunun quraşdırılması
2.1. Reklam qurğusunun quraşdırılması “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasına, həmçinin digər qanunvericilik aktlarına uyğun olmalıdır.
2.2. Şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizəni müvafiq qurum “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun qəbul edir və qeydiyyata alır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.2.1. şəxs hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti;
2.2.2. şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.2.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
2.2.4. reklam qurğusunun sxemi və eskizi (qrafik təsviri və qabarit ölçüləri);
2.2.5. reklam qurğusunun yerləşdiriləcəyi yerdə rəngli fotomontaj (hava şarına, aerostata və dirijabla münasibətdə istisna olmaqla).
2.3. Müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir.
2.4. Şəxs bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır.
2.5. Şəxs ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.
2.6. Qanunla reklam qurğusunun quraşdırılmasına aidiyyəti dövlət orqanının (qurumunun) rəyi (razılığı) tələb olunduqda, müvafiq qurum rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir və bu barədə şəxsə məlumatı təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Aidiyyəti dövlət orqanı (qurumu) həmin müraciətə 5 iş günü müddətində baxaraq cavab verir. Həmin müddət bu Qaydanın 2.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Göstərilən müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır.
2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər.
2.8. Reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında da bu Qaydanın 2.2‒2.7-ci bəndlərinin müddəaları tətbiq edilir.
3. Reklam qurğusunun sökülməsi
3.1. Müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.
3.2. Şəxs yazılı göstərişə uyğun olaraq:
3.2.1. müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür;
3.2.2. müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir.
3.3. Müvafiq qurum bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir.
3.4. Müvafiq qurum bu Qaydanın 2-ci hissəsinin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun aid olduğu şəxsi müəyyən edə bilmədiyi halda aidiyyəti orqanlara (qurumlara) bununla bağlı müraciət edir.
3.5. Müvafiq qurum aşağıdakı hallarda reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir:
3.5.1. bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə;
3.5.2. bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş akt tərtib edildikdə;
3.5.3. bu Qaydanın 3.4-cü bəndinə əsasən edilmiş müraciət nəticəsində reklam qurğusunun aid olduğu şəxsi müəyyən etmək mümkün olmadıqda.
3.6. Müvafiq qurum bu Qaydanın 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda reklam qurğusunun sökülməsi barədə qərarı şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.
3.7. Şəxs sökülməsi barədə qərar qəbul edilmiş reklam qurğusunu 5 gün müddətində sökmədikdə və bu Qaydanın 3.5.3-cü yarımbəndində nəzərdə tutulmuş halda həmin reklam qurğusunu müvafiq qurum sökür.”.
5. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.2.16-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.2.16. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla) ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq verir;”;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.37-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.37. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla) ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;”.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1509; 2019, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Milli Park ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;”.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.40. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində, memarlıq abidələrinin (binaların) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2019-cu il.