7 C
Baku
Thursday, December 26, 2024

Prezident: “Biz heç bir zaman Rusiya qazını əvəz etməyi planlaşdırmamışıq”  

“Qaz məsələsinə gəldikdə, mövqeyimizi bir qədər geniş ifadə etmək istərdim. Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir”.

Bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur.

“Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Biz, əlbəttə ki, mövcud müqavilələr əsasında qaz inkişafı layihələrimizi planlaşdırırıq. Hazırkı müqavilələrdə bu qədər həcm nəzərdə tutulub. Biz çox hasil etmək istəmirik, ona görə ki, alıcı yoxdur. Sizin də hazırda təcili olduğunu qeyd etdiyiniz kimi, tələbat olacağı təqdirdə biz, ilk növbədə, mənbələrə baxmalıyıq”

Prezident İlham Əliyev istehsalın daxili bazar və ixrac üçün hesablandığına diqqət çəkib.

“Biz satmağa alıcı olmadığından bundan artığını hasil etmək istəmirdik. Bu vəziyyətdə bizə təkcə İtaliyadan deyil, digər Avropa ölkələrindən də təchizatın artırılmasına dair müraciətlər daxil olub. İlk növbədə, bizə mənbələri tapmaq lazımdır. Dediyim kimi, bu, qismən daxildə qaz itkilərinin optimallaşdırılması hesabına olacaq. Bir hissəsi təbii qazın günəş və külək enerjisi ilə əvəz edilməsi olacaq, digər hissəsi isə yeni hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn il üçün gözləyirik”.

Dövlət başçısı Abşeron yatağında 1.5 milyard kubmetr əlavə qazın olduğunu vurğulayıb.

“Digər yataqlardan da gözləntilərimiz var. Əlbəttə, bunun tərkib hissəsi olan qaz kəmərlərinin ötürücülük qabiliyyəti də önəmlidir. Cənub Qaz Dəhlizi qaz kəmərləri sisteminə inteqrasiya olunub. Məsələn, TANAP-ın ayrı, TAP-ın ayrı diametri var. TANAP 30 milyard kubmetr, TAP isə 10 milyard kubmetr ötürücülük gücünə malikdir. Niyə? Bazara görə. Çünki biz İtaliyaya 8 milyard kubmetr qaz ixrac etməli idik. Bu məqsədlə 20 faiz paya sahib SOCAR da daxil olmaqla, TANAP-ın səhmdarları əlavə xərclərdən kənar layihələndiriblər. Biz yaxın gələcəkdə əlavə qazın gələcəyini gözləmirdik. Ona görə də TAP-ın layihəsi fərqli oldu. Onun imkanlarını genişləndirmək olar? Bəli, nasos stansiyalarının sayını artırmaqla, bu, mümkündür. Bunu 20 milyard kubmetrə çatdırmaq olar. Başqa sözlə desək, İtaliya bu gün aldığından iki dəfə çoxunu ala bilər”.

Dövlət başçıs bildirib ki, bu məqsədlə TAP komandası bir araya gəlməlidir.

“Bu, mənim Baş nazir Draqi və keçən il səfər edən nazir Di Mayo ilə müzakirələrimin tərkib hissəsi idi. TAP-ın səhmdarları onu necə genişləndirməyə dair əlavə sərmayə proqramına razılıq verməli və texniki cəhətdən buna baxmalıdır. Mən texniki detallara çox varmaq istəmirəm, lakin bu, bir ay ərzində görülə bilinəcək iş deyil. Bu, texniki cəhətdən mümkün deyil. Beləliklə, eyni zamanda, başqa yol birləşdirici şəbəkələrə sahib olmaqdır. Məsələn, hazırda Bolqarıstanla Yunanıstan arasında interkonnektorun tikintisi son mərhələdədir. Bolqarıstanlı həmkarlarımdan aldığım məlumata əsasən, sentyabr ayına qədər o, işlək olacaq. Avropanın qaz tədarükü şəbəkəsini birləşdirəcək digər layihələr də mövcuddur. Bunların hamısı bizim proqramımızda var”.

Prezident İlham Əliyev vurğulayıb ki, biz heç bir zaman Rusiya qazını əvəz etməyi planlaşdırmamışıq. Bu, həcmlərin fərqinə görə mümkün deyil:

“Bizim Avropa bazarları uğrunda yarışmaq niyyətimiz yoxdur. Biz, sadəcə, Avropa bazarına çıxış istəmişik. Çünki o, ən yaxşısıdır. O, qaydalarla tənzimlənir. O, sabitdir və ən yüksək qiymət olan bazardır. Bu gün biz müxtəlif istehlakçılara qaz tədarük edirik. Ən yaxşı qiymət Avropadadır. Bu, kommersiyadır. Biz heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmamışıq. Bizim enerji siyasətimiz heç bir zaman Rusiya tərəfindən sual doğurmayıb. Bizim heç vaxt heç bir formada sualımız, müzakirəmiz olmayıb. Əminəm ki, bu, bizim Rusiya ilə münasibətlərimizə mənfi təsir göstərməyəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər