7 C
Baku
Sunday, December 15, 2024

Prezident “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.

Banker.az xəbər verir ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını dedi. Qonaq “Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndiyini vurğuladı və bildirdi ki, rəhbərlik etdiyi şirkət peşəkar səviyyədə fəaliyyət göstərən ARDNF ilə əlaqələrindən qürur duyur. O, həmçinin Azərbaycanın əldə etdiyi uğurların ölkəmizin böyük nailiyyəti olduğunu vurğulayaraq təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə institutlarından biri olan “Brookfield Asset Management” şirkəti ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirərək əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini vurğulayan dövlətimizin başçısı Fondun aktivlərinin hətta ən çətin dövrlərdə, o cümlədən pandemiya, maliyyə böhranları və neftin qiymətinin düşdüyü bir zamanda da artdığını qeyd etdi.

Görüşdə, həmçinin Azərbaycanın yaşıl enerji potensialı və ölkəmizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.

Son xəbərlər
Digər xəbərlər