“Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən Müharibəsi aparır, bu toplantının xüsusi önəmi var. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti olaraq qəbul edirik və buna görə sizə təşəkkür edirik”.
Xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
Dövlət başçısı qeyd edib ki, Bakıda keçirlən toplantı Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasıdır:
“Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir. Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş və dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, ilk Türkiyə Cümhuriyyətinin cumhurbaşqanı – mənim əziz qardaşım bizə dəstək verdi. Çox əhəmiyyətli bəyanatlar verdi. Ondan sonra digər dost-qardaş ölkələrin dövlət, hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərib, Şuranın çox önəmli bəyanatı olub. Bu, türkdilli ölkələr arasında birliyin, həmrəyliyin təzahürüdür”, – ölkə başçısı qeyd edib.