Aprelin 24-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.
Banker.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Çin Xalq Respublikasının sədri Si CİNPİN dedi:
-Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk.
Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram.
Cənab Prezident, Siz Çin xalqının çoxdanki dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
-Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.
Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz “İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.
X X X
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirdi. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladı. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.