“Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.
Bu fikirləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev söyləyib.
“Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi möhkəmləndirir.
Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil”, – deyə o əlavə edib.