1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Elektron prokurorluq” informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının və digər qurumların informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sistemi “Prokurorluq haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.
1.3. İnformasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.
1.4. Fərdi məlumatların İnformasiya sistemində toplanılmasının və işlənilməsinin məqsədi prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda və prosessual qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməkdir. Fərdi məlumatların İnformasiya sistemində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
1.5. İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. İnformasiya sistemindən istifadə ödənişsizdir.
1.7. İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.
2. Əsas anlayışlar
2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemindən istifadə etmək, o cümlədən İnformasiya sistemi vasitəsilə informasiya əldə etmək və ya ötürmək hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;
2.1.2. iştirakçı – İnformasiya sisteminin informasiya proseslərində iştirak edən prokurorluq işçiləri və prokurorluğun digər əməkdaşları;
2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Baş Prokurorluğu;
2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə İnformasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun aidiyyəti struktur bölməsi;
2.1.5. elektron kabinet – iştirakçının və ya istifadəçinin bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirilməklə, İnformasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.
3. İnformasiya sisteminin fəaliyyətinin prinsipləri
3.1. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.1.1. istifadə rahatlığı – İnformasiya sistemindən istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
3.1.2. operativlik – müvafiq sənədlərin və müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, informasiyanın əldə olunmasının və mübadiləsinin avtomatlaşdırılmış qaydada, sürətli şəkildə həyata keçirilməsi;
3.1.3. fasiləsizlik – İnformasiya sistemində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;
3.1.4. hesabatlılıq – sistemin fəaliyyətində hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.
4. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu
4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:
4.1.1. İnformasiya sisteminin proqram kompleksi;
4.1.2. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;
4.1.3. İnformasiya sisteminin şəbəkə infrastrukturu;
4.1.4. İnformasiya sistemi iştirakçılarının iş yerlərinin texniki vasitələri;
4.1.5. informasiya ehtiyatı.
4.2. İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir. Tətbiqi proqram təminatı aşağıdakı istiqamətləri əhatə edir:
4.2.1. elektron kabinet;
4.2.2. Azərbaycan Respublikası Baş prokurorunun əmr, sərəncam, göstəriş və digər aktlarının toplusu;
4.2.3. prokurorluqda kadr məsələləri üzrə işlərin elektron qaydada idarə edilməsi modulu;
4.2.4. prokurorluqda maddi-texniki resurslar üzrə fəaliyyətin elektron qaydada idarə edilməsi modulu;
4.2.5. elektron sənəd dövriyyəsi, o cümlədən prokurorluğun fəaliyyət istiqamətləri üzrə icraatların elektron qaydada aparılması modulu;
4.2.6. videokonfrans əlaqə modulu;
4.2.7. digər informasiya sistemləri və ehtiyatları ilə məlumat mübadiləsini təmin edən inteqrasiya və elektron məlumat sorğulama modulu;
4.2.8. təhlil və statistik hesabat modulu.
4.3. İnformasiya sisteminin avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbələri və digər texniki vasitələr aiddir.
4.4. İnformasiya sisteminin ehtiyat mərkəzi yaradılır və İnformasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi operatorun nəzarəti altında fəaliyyət göstərir.
4.5. İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan telekommunikasiya kanalları təşkil edir.
4.6. İnformasiya ehtiyatı bütün prokurorluq orqanları, prokurorluq işçiləri və prokurorluğun digər əməkdaşları, prokurorluğa müraciət edən şəxslər, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən prosessual hərəkətlər və qəbul olunan prosessual sənədlər barədə məlumatları ehtiva edir.
5. Təhlükəsizlik tədbirləri
5.1. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin vaxtında müəyyən edilməsi və ehtimal olunan təhdidlərin qarşısının alınması məqsədilə İnformasiya sistemi xüsusi mühafizə sistemləri və proqram təminatları ilə təmin edilir və həmin mühafizə sistemləri və proqram təminatları mütəmadi olaraq təkmilləşdirilir.
5.2. İnformasiya sistemində məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.
5.3. Sahib Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə İnformasiya sisteminə qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, İnformasiya sistemində mövcud olan məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin, qanunsuz yayılmasının qarşısının alınmasını təmin edir.
5.4. İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, silinməsi, yayılması, saxlanılması, ötürülməsi və məhv edilməsi üçün mühafizə vasitələri sertifikatlaşdırılmalı, texniki tələblərə uyğun quraşdırılmalı və istismara verilməlidir.
5.5. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə İnformasiya sisteminin istifadəçiləri və iştirakçıları İnformasiya sisteminə “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə etməklə sistemdə identifikasiya olunmalı və eyniləşdirilməlidirlər.
5.6. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir.
5.7. İnformasiya sisteminin yaradılması və istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.
6. İnformasiya sisteminin funksiyaları
6.0. İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:
6.0.1. informasiyanın toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi;
6.0.2. İnformasiya sistemindən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;
6.0.3. təhlükəsizlik və məlumatların mühafizəsi;
6.0.4. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraatlarda iştirak edən şəxslərin zəruri məlumatlarının real vaxt rejimində yoxlanılması və İnformasiya sistemində olduqda, şəxsdən tələb edilməməsi;
6.0.5. prosessual sənədlərin layihələrinin hazırlanması;
6.0.6. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraat zamanı tələb olunan məlumatların bu Əsasnamənin 11-ci hissəsində qeyd olunan qaydada elektron formada əldə edilməsi;
6.0.7. İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən müraciətlərin və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi, aidiyyəti prosessual sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi;
6.0.8. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraatların elektron qaydada aparılması;
6.0.9. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraatda iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS vasitəsilə) çatdırılması;
6.0.10. qanuna uyğun olaraq prosessual hərəkətlərin müvafiq şəxslərin bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə imkan yaradılması;
6.0.11. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraatlarla bağlı prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyaların olması;
6.0.12. qəbul edilən qərarlar barədə məlumatların qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, hüquqi və fiziki şəxslərə göndərilməsi;
6.0.13. İnformasiya sisteminin istifadəçiləri və iştirakçıları üçün elektron kabinetin yaradılması;
6.0.14. prokurorluğun fəaliyyəti ilə bağlı təhlil və statistikanın elektron qaydada aparılmasının təmin edilməsi;
6.0.15. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.
7. İnformasiya sistemi sahibinin hüquqları və vəzifələri
7.1. İnformasiya sistemi sahibinin iştirakçıların İnformasiya sisteminə giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq hüququ vardır.
7.2. İnformasiya sistemi sahibinin aşağıdakı vəzifələri vardır:
7.2.1. İnformasiya sisteminin fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq;
7.2.2. İnformasiya sistemindəki məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, mühafizə edilməsini, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təşkil etmək;
7.2.3. İnformasiya sisteminin beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi, onun təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
7.2.4. bu Əsasnaməyə və Qaydaların tələblərinə uyğun olaraq İnformasiya sistemi vasitəsilə dayanıqlı və fasiləsiz məlumat mübadiləsini təşkil etmək, məlumatların İnformasiya sisteminə tam və vaxtında ötürülməsinə və həmin məlumatların əldə edilməsinə qanunla müəyyən edilmiş hədlərdə nəzarət etmək;
7.2.5. İnformasiya sisteminin funksiyaları və onlardan istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, zəruri təlimatlandırma işləri aparmaq, onlara metodiki kömək göstərmək, iştirakçılarda və istifadəçilərdə yaranmış və qaynar xətt vasitəsilə müəyyən edilmiş çətinlikləri araşdırmaq, həll etmək, iştirakçıların bu sahədə mütəmadi bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil etmək;
7.2.6. İnformasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, saxlanılmasını, tərtib olunmuş qrafik üzrə operator tərəfindən müvafiq profilaktik işlərin aparılmasını təşkil etmək və onlara nəzarəti həyata keçirmək;
7.2.7. İnformasiya sisteminə daxil edilmiş məlumatların təhlükəsizliyi ilə bağlı təşkilati və texniki tədbirlər görmək;
7.2.8. İnformasiya sisteminin fəaliyyəti üzrə hər hansı bir qəza (xəta) baş verdiyi və ya İnformasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda İnformasiya sisteminin iştirakçılarını, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətini və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (bundan sonra – Əlaqələndirici qurum) bu barədə məlumatlandırmaq;
7.2.9. İnformasiya sisteminə daxil edilən məlumatların tamlığını, təhrifolunmazlığını, əlçatanlığını və konfidensiallığını (məxfiliyini) təmin etmək;
7.2.10. İştirakçının və istifadəçinin yazılı əsaslandırılmış müraciəti əsasında İnformasiya sistemində saxlanılan məlumatlarda dəyişiklik etmək, onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək, İnformasiya sisteminin informasiya ehtiyatında dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlər üçün əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;
7.2.11. İnformasiya sistemi üzrə statistik hesabatlar hazırlamaq və onlar əsasında təhlillər aparmaq;
7.2.12. İnformasiya sisteminin təşkili və fəaliyyəti ilə bağlı Əlaqələndirici qurumun qiymətləndirmələr aparmasına zəruri şərait yaratmaq;
7.2.13. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Əlaqələndirici quruma təqdim etmək;
7.2.14. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.2.15. prokurorluğun fəaliyyət istiqamətləri üzrə elektron xidmətlər (bundan sonra – elektron xidmətlər) göstərilməsi üçün tələb edilən sənədlər barədə məlumat İnformasiya sistemində olduqda, həmin məlumatın ilkin mənbədən əldə edilməsini bu Əsasnaməyə və Qaydalara uyğun təmin etmək;
7.2.16. İnformasiya sisteminin fəaliyyətini bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət etmək.
8. İnformasiya sistemi operatorunun hüquqları və vəzifələri
8.1. İnformasiya sistemi operatorunun aşağıdakı hüquqları vardır:
8.1.1. İnformasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
8.1.2. İnformasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə məsələ qaldırmaq;
8.1.3. digər informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin təşkili üçün zəruri elektron servislər təşkil etmək və onları yeniləmək.
8.2. İnformasiya sistemi operatorunun aşağıdakı vəzifələri vardır:
8.2.1. İnformasiya sistemi vasitəsilə iştirakçının dayanıqlı, fasiləsiz, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;
8.2.2. İnformasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;
8.2.3. proqram təminatının lisenziyalaşdırılmasını, lisenziyalı proqram təminatlarının işlək vəziyyətdə olmasını və yenilənməsini təmin etmək;
8.2.4. İnformasiya sisteminin fəaliyyətinin dayanma hallarının qeydiyyatını və baş verən xətaların təhlillərini aparmaq;
8.2.5. saxlanılan məlumatların sürətli axtarışının həyata keçirilməsi məqsədilə informasiya ehtiyatının mütəmadi optimallaşdırılmasını təşkil etmək;
8.2.6. İnformasiya sistemindəki dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpa edilə bilməsi imkanını təmin etmək;
8.2.7. informasiya ehtiyatının ehtiyat nüsxəsinin sahib tərəfindən müəyyənləşdirilmiş qaydada saxlanılmasını təmin etmək;
8.2.8. müəyyən edilmiş qrafik üzrə, eləcə də sahibin müraciəti əsasında İnformasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlığına profilaktik baxış keçirilməsini təmin etmək və aktlaşdırmaq;
8.2.9. mütəmadi olaraq şəbəkə infrastrukturunda məlumatötürmə sürətini ölçmək və fasilələr yaranmasının səbəblərini müəyyən etmək məqsədilə monitorinqlər keçirmək;
8.2.10. İnformasiya sistemindən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;
8.2.11. İnformasiya sisteminin fəaliyyəti üzrə hər hansı bir qəza (xəta) baş verdiyi və İnformasiya sisteminin fəaliyyətində hər hansı fasilə yarandığı halda sahibi bu barədə məlumatlandırmaq;
8.2.12. server və şəbəkə avadanlığının yerləşdiyi otaqlarda fasiləsiz elektrik enerjisini, yanğın təhlükəsizliyini və tələb olunan temperaturu tənzimləyən cihazlara müəyyən edilmiş qaydada texniki baxış keçirilməsini və aşkar olunmuş nasazlıqların aradan qaldırılmasını təmin etmək;
8.2.13. sahibin müraciəti əsasında, qanunvericilikdə edilmiş dəyişikliklərə müvafiq olaraq ən qısa müddətdə proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqların keçirilməsini təmin etmək;
8.2.14. İnformasiya sisteminin fəaliyyəti üzrə sahibin tələb etdiyi məzmunda hesabatlar hazırlamaq;
8.2.15. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;
8.2.16. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini texniki tələblərə, eləcə də bu Əsasnamədə və Qaydalarda müəyyən edilən tələblərə uyğun formada aparmaq;
8.2.17. İnformasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini, sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini, habelə təkmilləşdirilməsi üzrə profilaktik işlərin görülməsini təmin etmək.
9. İnformasiya sistemi iştirakçılarının hüquqları və vəzifələri
9.1. İnformasiya sistemi iştirakçılarının aşağıdakı hüquqları vardır:
9.1.1. İnformasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.1.2. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən icraatda iştirak edən şəxslər barədə İnformasiya sistemində məlumatları yoxlamaq, zəruri sənəd və arayışlara dair məlumatları əldə etmək və ötürmək;
9.1.3. qanuna uyğun olaraq, prosessual hərəkətlərin müvafiq şəxslərin bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi imkanını təmin etmək.
9.2. İnformasiya sistemi iştirakçılarının aşağıdakı vəzifələri vardır:
9.2.1. məlumatları və sənədləri dolğun şəkildə İnformasiya sisteminə daxil etmək, bu məlumatların və sənədlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
9.2.2. İnformasiya sistemindən və oradakı məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;
9.2.3. sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək;
9.2.4. sənədlərə dair İnformasiya sistemində saxlanılan məlumatlarda aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;
9.2.5. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
9.2.6. İnformasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;
9.2.7. İnformasiya sisteminə giriş imkanı verən texniki vasitələrin və İnformasiya sistemindən əldə olunan qanunla qorunan məlumatları özündə əks etdirən kağız daşıyıcıların mühafizəsini təmin etmək;
9.2.8. İnformasiya sistemindən istifadə zamanı kompüterin monitorunda əks olunan məlumatları kənar şəxslərin oxumasına imkan verməmək, eləcə də İnformasiya sistemində olan dövlət, şəxsi, ailə və ya kommersiya sirrini, yaxud qanunla qorunan digər konfidensial məlumatları internet şəbəkəsi vasitəsilə yaymamaq;
9.2.9. İnformasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) pozmamaq;
9.2.10. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən şəxslərə maneələr yaratmamaq;
9.2.11. icraatında olan işlər (materiallar, müraciətlər və sair) üzrə aidiyyəti şəxslər İnformasiya sistemində qeydiyyatdan keçmişlərsə, müvafiq sənədləri, o cümlədən prokuror aktları və digər prosessual sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirmək və onlara bu barədə məlumatı həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) çatdırmaq;
9.2.12. icraatında olan işlər (materiallar, müraciətlər və sair) üzrə aidiyyəti şəxslər İnformasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara müvafiq sənədlər barədə məlumatları bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırmaq.
10. İnformasiya sistemi istifadəçilərinin hüquqları və vəzifələri
10.1. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları vardır:
10.1.1. elektron xidmətlərdən İnformasiya sistemi vasitəsilə istifadə etmək;
10.1.2. elektron xidmətlərdən istifadə etmək üçün elektron kabinet yaratmaq;
10.1.3. iştirak etdikləri prosessual hərəkətlər barədə İnformasiya sistemindəki müvafiq məlumatlarla tanış olmaq;
10.1.4. müraciətləri və digər sənədləri prokurorluğa elektron qaydada göndərmək;
10.1.5. prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən və İnformasiya sistemi istifadəçisinin iştirak etdiyi icraat üzrə çıxarılan qərarlar, qərardadlar və digər prosessual sənədlər barədə İnformasiya sistemində olan məlumatları elektron kabineti vasitəsilə və elektron qaydada (elektron poçt və SMS vasitəsilə) almaq;
10.1.6. İnformasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
10.1.7. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
10.2. İnformasiya sisteminə məlumatları düzgün daxil etmək İnformasiya sistemi istifadəçilərinin vəzifəsidir.
11. İnformasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemləri
11.1. Məlumat mübadiləsinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə İnformasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Banklar haqqında”, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.
11.2. Prokurorluq işçiləri qanunla müəyyən edilmiş hallarda və qaydada, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq, iş üçün zəruri halların araşdırılması üçün sorğu əsasında EHİS vasitəsilə aşağıdakı məlumatları əldə edirlər:
11.2.1. şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;
11.2.2. sürücülük vəsiqələri barədə məlumatlar;
11.2.3. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;
11.2.4. şəxsin həqiqi hərbi xidmət keçməsinə dair məlumatlar;
11.2.5. şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu barədə məlumatlar;
11.2.6. şəxsin sərhədkeçməsinə məhdudiyyət qoyulması barədə məlumatlar;
11.2.7. şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə cəza növünün ödənişlərinə dair məlumatlar;
11.2.8. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən vətəndaşlara dair məlumatlar;
11.2.9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərə dair məlumatlar;
11.2.10. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar;
11.2.11. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatına dair məlumatlar;
11.2.12. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan informasiya sistemindən məcburi köçkün statusu olan şəxslər barədə məlumatlar;
11.2.13. cinayət təqibi üzrə icraatla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarına, habelə həmin hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;
11.2.14. hökm və ya məhkəmənin digər yekun qərarı barədə məlumatlar;
11.2.15. barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar barədə məlumatlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;
11.2.16. notariat hərəkətləri barədə məlumatlar;
11.2.17. elektrik enerjisi, su və qazdan istifadə və bununla bağlı abunəçilər haqqında məlumatlar;
11.2.18. telefon nömrələri barədə məlumatlar;
11.2.19. hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olmasına, fəaliyyət sahəsinə, ünvanlarına, hüquqi şəxsin rəhbərinə dair məlumatlar;
11.2.20. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən yoxlamalar barədə məlumatlar;
11.2.21. şəxsin əmək müqaviləsinin olub-olmamasına dair məlumatlar.
11.3. Prokurorluq işçiləri qanunla müəyyən edilmiş hallarda və qaydada, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq, iş üçün zəruri halların araşdırılması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında EHİS vasitəsilə aşağıdakı məlumatları əldə edirlər:
11.3.1. ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;
11.3.2. kredit təşkilatlarından şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;
11.3.3. kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanılmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər, ipoteka və ya girov saxlayanın xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar.
11.4. İnformasiya sisteminin “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiyası aşağıdakı əsas istiqamətlərdə təmin edilir:
11.4.1. İnformasiya sistemində toplanılan işlərin və digər materialların Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada məhkəməyə göndərilməsi üçün “Elektron məhkəmə” informasiya sisteminə ötürülməsi;
11.4.2. prosessual qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada prokurorluq işçisi tərəfindən məhkəməyə ünvanlanan etiraz, vəsatət, protest və digər prosessual sənədlərin “Elektron məhkəmə” informasiya sisteminə ötürülməsi;
11.4.3. məhkəmə tərəfindən qəbul edilmiş hökm, qətnamə və digər qərarların, habelə bildirişlərin prosessual qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada İnformasiya sisteminə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməsi.
12. İnformasiya sisteminin fəaliyyətinin təşkili
12.1. İnformasiya sisteminin fəaliyyətinin və təhlükəsizliyinin təşkilini, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini sahib həyata keçirir.
12.2. İnformasiya sistemi daxilində informasiya ehtiyatlarından istifadəyə buraxılış həddini sahib müəyyən edir.
12.3. İnformasiya sisteminə iştirakçı tərəfindən daxil edilən məlumatlar həmin şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir.
12.4. Prosessual sənədlərin layihələri İnformasiya sistemi vasitəsilə avtomatlaşdırılmış formada tərtib edilir.
12.5. Tərtib edilən prosessual sənəd qanunvericilik aktlarının tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra prokurorluq işçisi həmin sənədi gücləndirilmiş elektron imza ilə təsdiq edir.
12.6. İnformasiya sisteminə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalıdır.
12.7. Prosessual qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada icraatın digər dillərdə aparıldığı hallar istisna olmaqla, məlumatlar İnformasiya sisteminə Azərbaycan Respublikasının dövlət dilində daxil edilir.
12.8. İnformasiya sisteminə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, iştirakçının yazılı müraciəti əsasında sahib həmin çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür.
13. İnformasiya sistemindən istifadə qaydası
13.1. İnformasiya sisteminə girişi sahib təmin edir. İnformasiya sistemindən istifadə elektron kabinet vasitəsilə həyata keçirilir.
13.2. İstifadəçilər və iştirakçılar Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə və digər əməliyyatlar həyata keçirə bilərlər.
13.3. İstifadəçilər İnformasiya sistemində yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanılan məlumatlarda dəyişiklik edilməsi barədə müraciət edə, habelə həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onunla tanış ola) bilərlər.
13.4. İnformasiya sistemində həyata keçirilən elektron xidmətlərdən istifadə sahibin rəsmi internet saytında dövlət xidmətləri bölməsi və ya EHİS, qanunla müəyyən edilmiş ödənişlərin edilməsi “ASAN ödəniş” və digər ödəniş sistemləri (elektron kabinetdə “ASAN ödəniş” və digər ödəniş sistemlərinə keçid verilməklə) vasitəsilə həyata keçirilir.
13.5. Sahib istifadəçinin İnformasiya sistemindəki məlumatlara (elektron kabinetə) giriş hüququnu aşağıdakı hallarda məhdudlaşdıra bilər:
13.5.1. İnformasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
13.5.2. bu Əsasnamədə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.