Ekvador prezidenti Gilyermo Lasso yerli əhalinin etirazlarını nəzərər alaraq, onların daha bir tələbini yerinə yetirib. O, ölkə şəhərlərində iki həftədir davam edən etiraz aksiyaları fonunda benzin və dizelin qiymətini 10 sent aşağı salıb.
İqtidar iğtişaşlarla bağlı sərt mövqe sərgiləsə də, hökumət nümayəndələri ardıcıl olaraq etirazçılarla görüşür, dialoq qurmağa çalışır. Bəzi bölgələrdə fövqəladə vəziyyətin tətbiqi ilə eyni vaxtda, iyunun 18-də ailələrə dəstək üçün təcili tədbirləri təsdiqlənib – yanacağın qiymətinin dondurulması, kommunal sektorda özəlləşdirmənin ləğvi, kənd təsərrüfatı istehsalçılarına müavinətlərin, subsidiyaların və güzəştli kreditlərin artırılması qərara alınıb. Bundan başqa, 3 min ABŞ dollarına qədər olan məbləğdə olan borclar silinib. Şənbə günü etirazçıların tələbi ilə prezident fövqəladə vəziyyəti də ləğv edib.
Ekvadorda ölkə rəhbərliyinin sosial və iqtisadi siyasətinə etiraz nümayişləri iyunun 13-də 11 regionda başlayıb və bir həftə sonra bütün ölkəni əhatə edib. Prezident Lasso cümə günü vətəndaşlara müraciətində ölkənin şəhərlərində baş verən zorakılıq aksiyalarının iştirakçılarının əsl niyyətinin çevriliş təşkil etmək olduğunu bildirib, ölkədə demokratiyaya təhlükə barədə xəbərdarlıq edib və polis və orduya zəruri hallarda qaz silahı əvəzinə odlu silahdan istifadə etmək tapşırıqları verib.
İnsan haqları təşkilatlarının məlumatına görə, Ekvadorda etirazlar zamanı 6 nəfər həlak olub, onlardan ikisi – güllə yaraları nəticəsində ölüb. 166 nümayişçi və 120 hüquq-mühafizə orqanı əməkdaşı da yaralanıb, 108 nümayişçi saxlanılıb.