1 C
Baku
Saturday, December 14, 2024

Prezident: “Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər”

“Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına”.

Bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində bildirib.

Dövlət başçısı deyib ki, bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər.

Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər”.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər