31 C
Baku
Thursday, August 11, 2022

Prezident İlham Əliyev: “Biz təzminat tələb edirik”

“Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir”.

Bunu Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbulu zamanı deyib.

Dövlət başçısı bildirib ki, indiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq: “Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir”.

Prezident İlham Əliyev vurğulayıb ki, həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir: “Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq”.

Son xəbərlər
Oxşar xəbərlər