Prezident İlham Əliyev Davosda Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə görüşüb.
Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkənin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini deyib. Dövlət başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğulayıb. Prezident Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
SalamNews